Balakişiyeva Fərxəndə Kamil qızı
˝Can şirin şeydir˝ deyiblər. Canımızı nə qədər qorusaq
da, bəzən ˝xəstəlik˝ deyilən kabus bizi yaman yerdə haqlayır. Və həmin o
məqamda biz canımızı təbibə etibar edirik. Çünki təbib qəlbimizin, bədənimizin
yaralarını ˝sarı-yacaq˝ bir əlin, ağrılarımızı unutdura bilə-cək bir təbəssümün
sahibi, ˝dərdimizə dərman qılacaq˝ bir dostumuzdur.
Azərbaycan
təbabəti respublika və dünya tibb elminə dəyərli töhfələr vermiş neçə-neçə
görkəmli həkim, alim və pedaqoq yetirib. Bu ziyalı insanlar haqqında çox yazılıb və hər bir qələm sahibinin arzusu
milli təbabətimizin fəxri olan insanların xatirəsini əbədiləşdirmək olub. Həmin
xatirələr tibb xadim-lərimizin gələcək nəsillər üçün örnək olan mənalı həyatını
nümunə göstərməkdən ötrü yazılır. Yazılır ki, gənc tələbələrimiz və
həkimlərimiz onların həyat yolunu öyrənsin və görkəmli alimlərin zirvəsinə
çatmağa çalışsınlar.
Tibb
elmləri doktoru Fərxəndə xanım Balakişiyeva professor Kamil Balakişiyevin
yeganə övladıdır. Bakı şəhərində anadan olub. N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bu dövrü alim belə yada
salır: "Doğrusunu deyim ki, mən musiqini sevirdim və elə indi də sevirəm.
İnstituta qəbul olmaq məqamı gələndə həkimliyi seçdim. Bəzən düşünürəm ki,
bəlkə də bu seçimdə genetik amil rol oynamışdır. Axı, mənim atam da, anam da
həkim idilər. Yəqin elə buna görə də mən Tibb İnstitutuna daxil olmağa qərar
verdim. O vaxt atam Azərbaycan Dövlət Tibb İnstitutunun prorektoru idi.
Bilirdim ki, əgər instituta qəbul olunmaq üçün tələb edilən balları toplaya
bilməsəm, atam heç bir zaman mənim instituta qəbul olunmağıma təkan
verməyəcək... Bir də ki, mən professor Kamil Balakişiyevin adını batıra
bilməzdim. Bu səbəbdən də çox mükəmməl hazırlaşdım və müvəffəqiyyətlə instituta
qəbul oldum.
Atam
hamıya qarşı ədalətli mövqe tutan insan idi. Məhz buna görə ondan çox az adam inciyirdi. Hesab edirdim ki, institutun
heç bir müəllimi atama görə mənimlə ədavət aparmaz. Sən demə, kin saxlayanlar
var imiş. İllər keçəndən sonra həmin insanın adını çəkmək istəmirəm.
Nəzəriyyəni əla bilirdim. Amma nə danışırdımsa, imtahan götürən professor
cavablarımın doğru olmadığını iddia edirdi. Və sonra mənə qeyri-məqbul yazdı.
Mən, demək olar ki, şok vəziyyətində idim. Oxuduğum dövrdə bircə dəfə də olsun
˝dörd˝ almadığım üçün indi ˝iki˝ qiyməti məni dəhşətə gətirdi. Evə həyəcanlı və
narahat qayıtdım. Atama heç bir şey demədim. Bilirdim ki, məsələni xahiş-minnət
yolu ilə həll etməyəcək. Bu hadisədən Tibb İnstitutunun o zamankı prorektorlarından
biri xəbər tutmuşdu. Evə zəng çalıb dedi ki, ertəsi gün həmin kafedraya gəlim.
Məndən prorektorun iştirakı ilə təkrar imtahan qəbul etdilər. Bütün suallara
dəqiq və ətraflı cavab verdim. Biliklərimi ˝iki˝ ilə qiymətləndirən həmin
professor, bu dəfə mənə əla qiymət yazdı.”
Fərxəndə
xanım 1969-1972-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ˝Sinir
xəstəlikləri˝ kafedrasının aspirantı olub və 1973-cü ildə namizədlik
dissertasiyası müdafiə edib. 1981-1983-cü illərdə Əlcəzair Xalq Demokratik
Respublikasında xidməti ezamiyyətdə olub.
Fərxəndə
Balakişiyeva 1973-cü ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya
şöbəsində baş elmi işçi vəzifəsində çalışır. 2005-ci ildə beyin-damar
patalogiyasının müxtəlif klinik formalarında fiziki terapiya üsullarının
işlənib hazırlanması problemlərinə həsr olunmuş doktorluq dissertasiyası
müdafiə edib.
Nüfuzlu
nəşrlərdə dərc olunmuş 70 elmi əsərin müəllifidir. Bir sıra beynəlxalq və
regional elmi toplantıların iştirakçısıdır. İnstitutun Elmi Şurasının və İxtisaslaşdırılmış
Şuranın üzvüdür. 2003-cü ildə ˝Azərbaycanın tanınmış xanımları˝ beynəlxalq
layihəsinin qalibi olub.
İki
övladı və üç nəvəsi var.
"Korifey” kitabının materialları
əsasında, Vaqif Ağayev