Əliyev Əlikövsər Əlimədət
oğlu
998-ci marşrutun avtobusu Binəqədidən çıxıb
Novxanıya doğru irəliləyəndə yanımda əyləşən ağsaqqal sevinclə dilləndi:
- Allah
rəhmət eləsin Mehdiyə və Novxanının təəssübkeş oğullarına. Vaxtilə qış
aylarında bu magistralda, daha doğrusu, keçmişdə yağışlı havalarda dizəcən
palçığa bulaşdığımız yolda çox əziyyət çəkmişik.
Kişinin sözünə qüvvət verdim:
- Yaxşı
yadımdadır, qardaş, o vaxt bu yolla yalnız traktor hərəkət edə bilərdi. Bu
yolun çəkilməsinin əsas səbəbkarı əfsanəvi partizan Mehdi Hüseynzadənin
qəhrəmanlığı olub. Magistralın taleyi bizim ata evimizdə, o vaxt kolxoz sədri
olan qardaşım Əlikövsərin başçılığı altında həll edilib. Həmin dövrdə
Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri olan Sabit Orucov və Bakı Şəhər
Soveti İcraiyyə Komitəsi sədrinin müavini, həmyerlimiz Ağadadaş Axundov bu işə
təkan veriblər. Əlikövsər tikinti işlərini gündəlik nəzarət altında saxlayıb,
yolçəkənlərin bağ-bostan məhsulları və südlə təmin edilməsinə qayğı göstərib.
Novxanıda dünyaya gələrək orada ömrünün
sonunadək yaşayıb işləyən xeyirxah rəhbərlərdən söhbət düşəndə Əlikövsər
Əlimədət oğlunun adı həmişə birincilər sırasında çəkilir. Böyük Vətən
müharibəsi illərində kolxozun mühasibi olan bu şəxsiyyət cəbhə üçün tank pulu
yığılmasının təşəbbüskarı olub. Ötən əsrin əllinci illərində Novxanı kənd
Sovetinin sədri, sonralar kolxoz sədri(bir müddət eyni zamanda həm də kənd
Soveti sədri), sovxoz direktoru vəzifələrində çalışıb. Kənd əhlini dolandırıb.
Əlikövsər kolxoz sədri seçiləndən bir il sonra təsərrüfat üzvlərinin əmək
haqqını 3 manatdan 25 manata qaldırmışdı. Bu təsərrüfata «milyoner kolxuz»
deyirdilər.
Təkcə Novxanıda deyil, ətraf kəndlərdə də onun böyük
nüfuzu vardı. Onların xeyir-şər məclislərində hörmətli qonaq kimi iştirak
edirdi. Uzaq qohumlarımızdan biri maşını yaxşı idarə edə bilmədiyindən
fatmayılı cavanı vurub öldürmüşdü. Ölən oğlanın qardaşı qisas alacağına and
içmişdi. Əlikövsər hüzr yerinə gedib ağsaqqallarla, mərhumun atası ilə
söhbətləşəndən sonra düşmənçiliyə son qoyuldu. Bina bənzər hallar çox olub.
Bəzi rəhbər işçilər də Əlikövsərin xətrini
istəyirdilər. Yalnız novxanılıların deyil, bütün Azərbaycan xalqının fəxri,
SSRİ qaz sənayesi naziri Sabit Orucov hər dəfə Moskvadan Bakıya gələndə
Novxanıya baş çəkər, Əlikövsərlə görüşər, məsləhət verərdi. Belə görüşlərdən
birinin baş tutmasında yaxından iştirak etmişəm.
İsti yay günlərindən biri - axşam üstü
idi. Nəsə aparmaq üçün qardaşım Babanın "alabaşı” ilə bağdan - kəndə -ata evinə
gəlmişdim. Siqnal səsi eşitdim. Qara limuzin qapıda dayanmışdı. Maşından düşən
bəstəboy kişi salam verib Əlikövsəri soruşdu. O vaxtadək bu adamı yaxından
görmədiyim üçün tanıya bilmədim. Lakin hiss elədim ki, Moskvadan gəlib və
qardaşımın dostudur. Əlikövsərin bağda olduğunu eşidəndə qonaq mənə təklif etdi
ki, onun maşınına əyləşib gedək.
Mehribanlıqla gülümsünüb "alabaşı”
göstərərək dedim:
- Mən bunu da aparmalıyam, gəlin
ardımca.
Kənddən çıxıb sürəti artırdım.
Əlikövsərin bağına çatıb yerə düşərək qonaqdan soruşdum:
- Sizi ləngitmədim ki?
- Yox əşi! –
deyə müsahibim gülümsündü. – Sənə şata bilmirdik ki!
Qardaşımın bostanda
olduğunu öyrənən kimi qonağa dedim:
- Siz əyləşin həyətdə, istəyirsiniz bağı
gəzin. Ağşanını meynədən dərməyin öz ləzzəti var. On-on beş dəqiqəyə Əlikövsəri
gətirərəm.
Moskvalı dərhal dilləndi:
- Qardaşım, biz dəvəsi ölmüş ərəbik. Gedək
bostana.
Bu, SSRİ hökumətinin üzvü
Sabit Atababa oğlu Orucov idi. Bostanda Əlikövsərlə
qucaqlaşıb öpüşdülər.
Dərhal kəsilən qarpızı bıçaqla dilimləyib ləzzətlə yeyən kişi gözümüzdə daha da
ucaldı. Ali qonağın gəlişini eşidənlər az sonra onu dövrəyə alaraq suallar
verdilər. SSRİ naziri gedəndən sonra adamlar heyrətlərini bildirdilər: "Nə
qədər sadə, nə qədər xeyirxah insandır həmyerlimiz!”. Bir neçə gündən sonra
kənddə yeni məktəb binasının tikintisinə başlandı.
Qardaşımın böyük oğlu Hacı Balaəli
atasından sonra uzun illər kənd Sovetinin sədri - Abşeron Rayon İcra
hakimiyyəti başçısının Novxanı qəsəbəsi üzrə nümayəndəsi olub.
Üç il öncə dünyasını dəyişən Hacı
Əlikövsərin yeri bu gün necə də görünür!
Əliabbas Əlimədətoğlu