Məgələnin əvvəli (bura basın)
SİYANGÖL - ŞƏHƏR TİPLİ QƏSƏBƏ
Novxanı
kəndi yaxınlığında, "Binəqədi Oil Company” şirkətinə
məxsus ərazidə (vaxtilə həmin yer Novxanı kəndinin ərazisi idi), Siyanşor gölünün cənub-şərgində orta əsrlərə aid Siyangöl şəhər
tipli böyük qəsəbə aşkar edilib. Orada arxeoloji tədqiqat işləri ilə məşğul
olan Milli Elmlər Akademiyasının Arxeoligiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, tarix elmləri namizədi, Abşeron ekspedisiyasının rəisi İdris Əliyev aparılan araşdırmalar haqqında bizə
maraqlı məlumat verdi:
- "İnstitutun əməkdaşları
tərəfindən aparılan qazıntılar zamanı qədim kəndin ərazisində IX-XVI əsrlərə
aid mancanaq daşı, keramika (o cümlədən şirələnmiş) məmulatları, kömür və küllə
dolu dulusçu kürəsi, tikili qalıqları, heyvanat sümükləri, yaşayış məntəqəsini su ilə təmin
edən ovdan qrupları aşkar olunub.
Tapıntılar, burada uzun müddət yaşayış məkanının olmasını təsdiq edir.
Elmı araşdırmalar göstərir ki, burada hələ Tunc dövrində insan yaşayıb. 40 ildən
artıqdır ki, Siyangöl dövlət tərəfindən qorunan ərazidir. Lakin burada onilliklərlə
neft hasilatının aparılması səbəbindən abidələrin böyük hissəsi dağılaraq gələcək
elmi tədqiqatlar üçün yararsız hala düşüb.
XVI əsrdə Xəzərin
səviyyəsinin 13 metr 80 sm. qalxması və burada neft hasilatına başlanması ilə əlaqədar
olaraq, əhali yeni yaşayış yerlərinə - Novxanıya köçüb”.
Alimlərin əksəriyyəti
Novxanı kəndinin yaranmasını Siyan və yaxud Siyangöl yaşayış məskəninin
dağılması ilə əlaqələndirir. Onlar iddia edirlər ki, siyanlılar tikdikləri təzə
kəndi Novxanı ("Nov” təzə, "xana” ev deməkdir) adlandırıblar. Faktiki olaraq bu
mövqe rəsmiləşdirilib. Lakin siyanlıların Novxanı kəndini salması fikri ilə həmkəndlilərimizin
bir çoxu
razılaşmır.
Novxanının
özündə arxeoloji qazıntılar aparılmayıb. Yaşlı nəsil xəbər verir ki, hələ 60-70
il bundan əvvəl "Şah Soltan Hüseyn” məscidinin ətrafında qədim qəbiristanlığın əlamətləri
görünürdü.
Yaşayış üçün
Novxanı kəndinin yeri heç də Siyangöl kəndinin yerindən əlverişsiz deyildir.
Novxanı kəndi də XVI-XVII əsrlərdə Siyanğöl kəndi kimi dərədə yerləşib
(Novxanının yuxarı hissəsi XIX əsrdə tikilməyə başlanıb). Dəniz suyunun səviyyəsinin
qalxması nəticəsində ev-eşikləri dağılmış siyanlılar yenidən dərədə ev tikərdilərmi?
1813-cü ildə
Abşeronda aparılan əhalinin siyahıya alınması göstərmişdir ki, burada
Maştağadan sonra ən böyük kənd Novxanı idi. Həm də onun ərazisi qonşu kəndlərinkindən
daha çoxdur. Fikrimizcə bu hal iki kəndin birləşməsi nəticəsində baş verib.
XƏZRİ-GİLAVAR
El-obalarda
olduğu kimi Novxanıda da yay fəsli iki əsas mərhələyə bölünür: ay yarım davam edən birinci mərhələ yayın ilk günündən başlayır. Xalq
içərisində bu vaxta "yayın cırcırama” dövrü deyirlər. Bu adın meydana çıxmasına
səbəb göydən yerə ələnən istinin şiddətindən və quraqlıqdan Abşeronda
cırcırama-ların səsinin açılması, cırıldamağa başlamasıdır.Həmin müddətdə əkinə
və biçinə zərərli olan isti külək- ağ külək, gündoğuş yeli, gilavar, boğanaq,
qara yel əsər. Abşeron yarımadasında yay aylarında xəzri də əsir. Yay aylarında
Bakıda xəzri əsməsə, nəfəs almaq mümkün olmaz. Qədim inanca görə, ata-analar
övladlarının ilkini çıxardırdılar qapıya ki, bəs mahnı oxu, qoy gilavar yatsın.
Uşaqlar da çıxıb mahnı oxuyardılar:
Mən anamın ilkisiyəm,
Ağzı qara tülküsüyəm,
Gilavar yat,
Xəzri gəl.
Payızda tez-tez Bakıya məxsus xəzri (güclü
şimal küləyi xəzri öz adını əsas etibarı ilə Xəzər dənizi tərəfdən, Abşeron
yarımadasının şimalından əsdiyi üçün onun adından almışdır) küləyi əsir,
toz-torpağı göyə sovurur. Karvan-karvan qara bulud topaları yayılıb şəhərin üstünü alır.
Belə anlarda Xəzərin mavi suları da qara rəngə çalır. Bu dəhşətli, qüvvətli xəzri
təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar, güclü axınlar yaradır.
Xəzri
küləyi havanı kəskin surətdə dəyişdirir. Payız və qış fəsillərində əsən xəzri bəzən
fırtına dərəcəsinə qalxır, tayaları uçurur, evlərin damının üstünü atır, bəzən
də çoxlu qar yağmasına səbəb olur. Novxanı qocaları deyirlər ki, xəzri əsdi,
qış gəldi, xəzri qurtardı, qış da öz ömrünü bağışladı.
Payız
fəslinin bu vədəsində bağ-bağçanın xəzan dövrü (saralıb solma vaxtı) başlayır.
Xalq arasında xəzan küləyi adlanan sazaqlı külək ağaclarda qalan sarı
yarpaqları qoparıb ora-bura qovur, ağacların xəzəl mövsümü başlayır.
XI
yüzilliyin Azərbaycan şairi Qətran Təbrizi payızın həmin vaxtlarını belə təsvir
edir:
Xəzan dövrü və mey
vaxtıdır,
Mey iç, çünki bu gün xəzan bayramıdır.
Payız
fəslinin bu müddətinə Novxanıda yaşlı adamlar yarpaqtökən vaxt da deyirlər.
QIŞ
TƏDARÜKÜ
Xalq arasında iyul ayının ortalarınadək olan müddət
"qoradöyən ay” adlanır. Bu vaxtlar güldən düşmüş üzümün qoraları yavaş-yavaş
sulanır. Nənələrimiz bu qoraları yığıb yuyar, iri taxta tabaqlara tökər, yumru
çay daşı-qəmbərlə döyüb suyunu çıxarar, abqora (qora suyu) düzəldərlər. Novxanı
qocalarının dediyinə görə abqoranı qara şanı xal salanda tutardılar. Abqora
hazırlama işi üzüm gilələri şirəyə düşənədək qurtarmalı idi. Əks təqdirdə gilələr
şirələnər, necə deyərlər, qora üzüm olar, abqoranın da vaxtı ötər. Vaxtindan əvvəl
tutulan abqoranın isə həm suyu az, həm də acı-təm olardı.
Beləliklə,
yayın bu çağında qora döyüldüyü (əzildiyi), yəni ondan abqora tutulduğu üçün həmin
vaxta qoradöyən ay deyilib.
Turşməzə
dadı olan abqoranı Novxanıda adətən, xəmir xörəklərində işlədirlər. Abqoranı səbziqovurmanın,
toyuq çığırtmasının, fisincanın içinə əlavə edirlər. Novxanının dünyagörmüşlərinin
dediyinə görə, elə ki, yağlı xörəyin üstündən bircə qurtum abqora içirsən,
olursan anadangəlmə.
Xalq
təbabətində abqora şəkərli diabet xəstəliyinin yüngül formasında çox
xeyirlidir. Abqoranın insan orqanizminin xəstəliyə müqavimətini artırmağa və şəkərin
qarşısını almağa kömək etdiyini bilən ulularımız onun içilməsini məsləhət
görmüşlər. Piylənmədə, kolit xəstəliyində abqoranı az miqdarda gündəlik qidaya
daxil etmişlər. Abqora başağrısının da dərmanıdır. Nanəcövhəri abqora ilə
qarışdırıb içmək öskürəyə qarşı təsirli dərman hesab edilir.
Novxanıda
üzüm şirəsindən doşab (bəhməz), turşaşirin, halva bişirir, abqora, sirkə tutur,
kişmiş, mövüc qurudur, riçal (heyva, qarpız, kudu, əncir riçalları)
hazırlayırlar. Üzüm tənəyinin zərif, ətirli yarpağından milli xörəyimiz olan
dolma bişirliməsində istifadə edilir.
Yadımdadır
uşaq ikən Novxanı bağlarında doşab bişiriləndə mahnı oxuyardılar, oğlanlar axurda üzümü əzə-əzə ətrafdakılarla səs-səsə
verərdilər:
Səbətdə üzüm gəlir,
Hey düzüm-düzüm gəlir.
Ağ şanı, qara şanı
Tez doldurun tavanı.
Qoyun ocağın üstə,
Yığılaq dəstə-dəstə,
Yeyək doşab, turşaşirin,
Dadı özündən şirin.
Uşaqlar
üst-başlarını şirə ilə tamam batırardılar ki, bu da ümumi gülüş və sevincə səbəb
olardı. Gənclərin ən çox sevdikləri əyləncə bir-birinin yanaqlarını əzilmiş
üzüm şirəsinə bulamaq idi.
Azərbaycanda
xalq arasında üzüm doşabından baş gicəllənməsinin, qanazlığının qarşısını almaq
üçün müalicə vasitəsi kimi də istifadə olunur. Orqanizmdə ürək əzələsinin fəaliyyəti
üçün vacib olan E vitamininin əsas mənbələrindən biri doşabdır. Doşab ürək-damar
və sinir xəstəliklərinin müalicəsində çox xeyirlidir. Müntəzəm doşab yeyən
adamın bədəni gümrahlaşır, qanının tərkibi, maddələr mübadiləsi, həzm
orqanlarının işi yaxşılaşır.
Doşabdan hazırlanan halva, şərbət insanın sağlamlığı
üçün əhəmiyyətli olan yüksək kalorili qida məhsuludur. Riçal ümumi zəifliyin,
öd kisəsi və qaraciyər xəstəliklərinin müalicəsinə yaxşı kömək edir.
Payızda
novxanılılar yır-yığışını qurtarar, qışın da, yazın da qayğısına qalarlar.
Əkinçilik işləri davam etdirilir. Evin böyükləri ailənin qış ehtiyatını görürlər.
Uşaqların qışlığını, bayramlığını, naxoş payını, qohum-qonşu "gözlüyünü” zirzəmiyə
yığırdılar.
Ağbirçək
nənələr tas-tas mürəbbə bişirər, sinilərdə, məcməilərdə kişmiş, mövüc, əncir,
müxtəlif növ meyvə qaxı qurudardılar. Bu meyvələr həmişə, kasıbçılıqda da,
yaxşı gündə də, el bayramlarında da, əsas etibarı ilə Novruz bayramında süfrənin
bəzəyidir.
Novxanı
əhalisinin məişətində və iqtisadi həyatında keçmişdə və indi müxtəlif meyvə və
tərəvəz məhsullarından qida məhsulu kimi istifadə etmək geniş yayılmışdır.
Burada bir sıra meyvələrlə yanaşı, müxtəlif növlü göyərti və tərəvəz məhsulları
da yetişir (reyhan, kəvər, nanə, vəzəri, soğan, sarımsaq, badımcan, pomidor,
xiyar və s).
Məlum
olduğu kimi, meyvə, göyərti və tərəvəzin özünəməxsus yeri, işlədilmə və istifadə
edilmə üsulları mövcüddur. Onların bəzisindən novxanılılar (xüsusilə xiyar,
qarpız, yemiş, turp və s.) yalnız təzə halda, bir çoxundan isə həm təzə, həm də
qurudulmuş halda yeməklərdə (pomidor, şüyüd, keşniş, nanə və s.) istifadə edir.
Son
vaxtlar Novxanı kəndinin camaatı arasında qış üçün konservləşdirilmiş tərəvəz,
tumlu meyvə və giləmeyvələrin hazırlanması da geniş yayılmışdır.
Novxanıda
pendiri uzun müddət saxlamaq üçün qoyun dərisinin yunlu üzünə yığır, dərinin
ağzını möhkəm bağlayırlar. Səbəbi də budur ki, pendirin qalmış suyu yuna hopur,
bu isə onun ləzzətini uzun müddət saxlayır. Pendiri dəriyə yığdıqca içinə kəklikotu,
nanə, ətirşah, yarpız və s. qoyurlar.
Şor
düzəltmək üçün ayranı iri qazanda ocağa qoyub bişirirdilər. Ayran çürüyür, onu
torbaya töküb suyunu alırlar. Su süzüldükdən sonra yerdə qalan kütləni
duzlayıb, qoyun dərisinə yığıb ağzını bağlayırlar. Buna da şor motalı deyilir.
Ümumiyyətlə ağartı (süd məhsulları) Novxanıda kəndli süfrəsinin mötəbər bərəkəti
sayılır. Pendir böyük küplərdə payıza qədər saxlanılır, yaxud motala
doldurulur.
Keçmişdə
qoyun ətindən qış ehtiyatı da görülərdi. Əti uzun müddət saxlamaq üçün qovurma,
qiymə cızbız və qaxac edirdilər.
Qovurma
hazırlamaq üçün doğranmış ətə lazımi qədər duz vuraraq qazanda pörtlədirdilər.
Pörtlənmiş ətin yağı süzülüb yenidən öz yağında qovrulur. Qovrulmuş ətin
saxlanmasında quyruq yağından istifadə olunur. Bu, qovurmanın uzun müddət
saxlanmasına yaxşı təsir edir.
Qovrulmuş
ət küplərə, bəzən də qazanlara doldurularaq üstünə quyruq yağı tökülürdü. Yağ ətin
üstünə çıxmalı və onu örtməli idi. Necə deyərlər, yağ əti basmalıdır. Ondan istənilən
vaxt ətli xörək bişirmək üçün istifadə olunur və ya soyuq halda çörəklə
yeyilirdi. Bu hal qədim folklor nümunəsində də öz əksini tapmışdır:
Nənəm, qoyunun qarası,
Qırxlığı
polad parası,
Yaz
günü dələməsi,
Yay
günü kürəməsi,
Qış
günü qovurması.