NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 21:31

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Mürsəl Nəcəfov | Регистрация | Вход

         Mürsəl Nəcəfqulu oğlu Nəcəfov

 

                                            Təsviri sənətimizin vurğunu

 

                                         

"Vaxt çatanda biz hamımız işıqlı dünyadan ayrılacağıq. Unudulanlar  da  olacaq,  könüllərdə,  xatirələrdə    yaşayanlar da. Məsələn, mən həmişə can deyib, can eşidən Mürsəl Nəcəfovu bu   dünyada   unutmamışam.  O,   nümunə göstəriləsi şəxsiyyət idi.  

                                                              Tahir Salahov                                                                 
                                           SSRİ xalq rəssamı, akademik

 

 

     Hər gün emalatxanama çatar-çatmaz elə bil hansısa qüvvə məni dayanmağa vadar edir. Ayaq saxlayıram. Başımı qaldırıb vaxtı ilə onun yaşadığı mərtəbəyə baxıram. Yazıları ilə çoxlarını yaradıcılığa həvəsləndirən bənzərsiz qələm sahibi, istedadlı sənətşünas Mürsəl müəllim gözə görünmür. Xatırlayanda ki, o, xeyli müddətdir dünyasını dəyişib, özümdən asılı olmayaraq kövrəlirəm. Onun kimi ziyalı insandan əbədi ayrılmaq doğrudan da çətin imiş.

      Mürsəl Nəcəfov 1918-ci il sentyabrın 20-də Bakı şəhərində dünyaya göz açıb. Orta məktəbi başa vurduqdan sonra Bakı Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, respublika Nazirlər Sovetində "Təsviri sənət" bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra rəssamlıq texnikumunun direktoru təyin olunub və Rəssamlar İttifaqının məsul katibi seçilib. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə, analitik təhlillə dərc etdirərdi.                    

Böyük Vətən müharibəsi onun da arzularını dörd il yarımçıq qoymuşdu. Könüllü cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolukeçmişdi. Vətənə "Qırmızı ulduz" ordeni və müxtəlif medallarla qayıtmışdı.

O, 1946-cı ildə Rəssamlar İttifaqına sədr seçilir, eyni zamanda Rəssamlıq Texnikumunun direktoru təyin edilir. İşinin çoxluğuna baxmayaraq Mürsəl müəllim ali təhsil almağı da unutmayıb. İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq İnstitutunun nəzəriyyə və incəsənət fakültəsini bitirib. Bir neçə il İncəsənət muzeyində şöbə müdiri və elmi katib işləyib. 1962-ci ildə elmlər namizədi, 7 ildən sonra isə elmlər doktoru alimlik dərəcələri almaq üçün dissertasiyaları uğurla müdafiə edib. 1972-ci ildə Azərbaycan Memarlıq və İncəsənət İnstitutunun təsviri sənət kafedrasının müdiri seçilib və ömrünün sonunadək həmin vəzifədə çalışıb.

Mürsəl müəllim istedadlı sənətşünas, təsviri sənəti varlığı qədər sevən alim idi. 1954-cü ildən kitabları, məqalələri Bakıda, Moskvada və başqa şəhərlərdə çap edilir. O, Azərbaycan televiziyası üçün 250-dən artıq verilişin ssenarisini yazmış, təsviri sənətə həsr olunanların bir çoxunun aparıcısı olmuşdur. 1970-ci ildən məhz onun təşəbbüsü ilə ekrana çıxan "Palitra" dövrün ən baxımlı verilişlərindən biri olmuşdur. Bu ənənə indi də davam etdirilir. M.Nəcəfov "Azərbaycan Sovet  Ensiklopediyası" üçün 67 məqalə yazıb. Gərgin əməyi, axtarışları da  qiymətləndirilmişdir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, dövlət mükafatı laureatı idi. Yaradıcılıq uğurları ilə heç vaxt öyünməzdi, sadə, səmimi, qayğıkeş insan idi.

Onun Bəhruz Kəngərli, Əzim Əzimzadə, Böyükağa Mirzəzadə, Tahir Salahov, Vəcihə Səmədova, Oqtay Sadıqzadə və bir çox başqalarının həyat və yaradıcılıqlarından bəhs edən kitabları çap olunmuşdur. Mürsəl Nəcəfovun "Rəssam və zaman" toplusu bu gün də mənim stolüstü kitabım, bilik mənbəyimdir. Niyə həmin çap nümunəsini belə üstün tuturam? Çünki haqqında yazdıqları şəxsləri təkcə xatırlatmır, həm də onların talelərini, yaradıcılıqlarını xəyallarda canlandırır. "Rəssam və zaman" bədii, publisistik topluya xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin yazdığı "Ön söz"də bu fikirləri təsdiqləyir: "Gənc nəslin estetik tərbiyəsinin, dünyagörüşünün formalaşmasında incəsənətin mahiyyətini yüksək qiymətləndirən sənətşünas, gənclərin maraqla qarşıladığı, həvəslə oxuduğu elmi-kütləvi kitablar yazır, televiziyada, radioda, məktəblərdə, kitabxanalarda səmimi çıxışlar edirdi. Müəllifin "Əsrlərdən xatirə" və "Gözəllik aləminə səyahət" kitabları kimi "Rəssam və zaman"da yeniyetmələri, gəncləri dünya incəsənətinin ən kamil inciləri ilə tanış edir. Şübhə yoxdur ki, sadə, anlaşıqlı dildə yazılmış bu məqalə və oçerklər toplusu gələcək nəsillərin də dünyagörüşlərinə müsbət təsirini göstərəcəkdir".

           Mürsəl Nəcəfov ədəbiyyat və incəsənətimizin tarixinə, şanlı keçmişinə dərin hörmət, böyük məhəbbət bəsləyərdi. Mirzə Cəlilin, Oskar Şmerlinqin, İozef Rotterin adları çəkiləndə ehtiram əlaməti olaraq ayağa qalxardı. Bu qeydləri həmişə qiymətlidir: "Cəlil Məmmədquluzadənin yaratdığı və uğrunda min zillətlər, cəfalar çəkdiyi "Molla Nəsrəddin" jurnalı xalqımızın xoşbəxt gələcəyinə ayna tutdu. Cəlil Məmmədquluzadə Azərbaycan fəhlə və kəndlisi ilə sadə bir dildə, özünün dediyi kimi "açıq ana dilində" danışmağı qarşısına məqsəd qoymuşdu".

           Sonda bu fikrimi bildirmək istəyirəm: pedaqoji fəaliyyətinin, yazılarının yeri görünür Mürsəl müəllimin. Ömrümün ixtiyar çağını yaşasam da, sevdiyim sənətdən, pedaqoji fəaliyyətimdən hələ də ayrılmamışam. Amma həmkarlarımı, dostlarımı görməyəndə sanki dincliyim ərşə çəkilir. Onlardan biri də görkəmli sənətşünas alim, əməkdar incəsənət xadimi Mürsəl Nəcəfov idi. Hər gün emalatxanama gələndə istər-istəməz ayaq saxlayır, vaxtı ilə onun yaşadığı mərtəbəyə baxıram. Xeyirxah tövsiyələri, məsləhətləri, elmi-publisistik yazıları ilə gənc və təcrübəli rəssamları yaradıcılığa ruhlandıran, həvəsləndirən Mürsəl müəllimi xatırlayıram.

      Peşəkar sənətşünas xeyli müddətdir ki, işıqlı dünyadan ayrılıb. Özünün, pedaqoji fəaliyyətinin, elmi-publisistik yazılarının yeri boş qalıb. Amma Mürsəl Nəcəfov yaddan çıxmır, təsviri sənətin qayğıkeşi olduğu üçün daim ehtiramla yad edilir.

                                                                                                                                  

                                                      Rafiq Mehdiyev,                                                                                                                                                                                                          Azərbaycan Rəssamlar İttifaqının

                                                                Qrafika bölməsinin sədri                                                                                                                                                                                                                                                                   xalq rəssamı, professor

 

                                     

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться