NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 01:43

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | İsgəndərov Əhəd Firuz oğlu | Регистрация | Вход

İsgəndərov Əhəd Firuz oğlu 

   Ey bu fani dünyadan nakam köçən əzizim! Bu sətirləri ğöz yaşları içərisində yazıram! Qınama məni, daim qürrələndiyin əmini qınama! Fələk ülvi arzumu ürəyimdə qoydu. Sənin toyunda qol götürüb oynayacağımı vəd eləmişdim. Lakin vayında qollarımı qucaqlayıb ağlamalı oldum.

  Qınama oğul, qoy heç kəs qınamasın Ğülnaz ananı, Firuz atanı, Səfiyyə nənəni, Fatma nənəni, Qönçə bibini, xalalarını, dayılarını, bibin qızlarını, ürəyi qəşş eləyən digər qohum-qonşularını. Onlar dözə bilmirlər bu dərdə! Qəlblərinin dərinliklərindən qopur fəryad! Axı, sən hamının əziz-xələfi idin. Bu biçarələri ovundurmaqmı olar?! Qoy təsəlli tapsınlar, döyüşçü balam, sərhədçi balam, sən Vətən naminə, öz yurddaşlarının, qohum-qonşularının yaşaması naminə canını qurban vermisən qəhrəmancasına! Ölümün gözünə dik baxmısan, mənim ninzam (karate ilə məşğul olduğu üçün onu fərəhlə "ninza” deyə çağırırdım), əsgər yoldaşlarını da himayə eləmisən.

    Əhədlə bir hissədə xidmət etmiş sərhədçi Əlibalanın ata-anasının dediklərindən: od parçası ıdı Əhəd. Hərbi xidmətdə olduğu on ay ərzində Əlibalanı da, başqa döyüşçiləri də o qoruyub, düşməndən qorxmamağa çağırıb, həmişə təhlükəli yerlərə getməyə can atıb!

Gör bir komandiri iki ay bundan qabaq atana nə deyib: "Əhəd özgə oğuldur, bütün hissənin sevimlisidir. Sağ ol ki, belə istiqanlı və mərd övlad tərbiyə eləmisən. Qorxu nə olduğunu bilmir. Soruşuram: Kim Veysəlliyə getmək istəyir? Deyir: Mən! Böyük Bəhmənliyə kim getmək istəyir? Deyir: Mən! Horadizə kim getmək istəyir? Yenə də hamıdan əvvəl deyir: Mən! Sərhəddə belə oğullar çox lazımdır”.

29 oktyabr 1993-cü il. Qəlbimə çalın-çarpaz dağ çekən, qəddimi əyən məşum gün. Mafəni Bakıda doğulub boya-başa çatdığın Mirzə Fətəli küçəsindəki 165 nömrəli binanın qapısı ağzına qoymuşduq. Küçədən keçən orta yaşlı qadın (görünür qonşu idi) kədərlə soruşdu: "Ölən kimdir?” Əhəd! – deyib dodağlarımı gəmirdim. Qadın "ox, ox!” deyib hönkürdü. Səni qonşular da çox istəyirmiş!  Təkçə qonşularmı?!

Oktyabrın 30-da Novxanıda keçirilən dəfn mərasimində iştirak edən minlərlə adamın gözlərindən yaş axırdı. Şəhərdən gələn qonşularının da, atanın işlədiyi Keşlə maşınqayırma zavodu əməkçilərinin də (yeniyetmə çağlarında bir neçə dəfə həmin zavoda atanın yanına getməklə maşınqayıranların da məhəbbətini qazanmışdın), əksəriyyəti qohum-qardaşın olan kənd sakinlərinin də! Ədəb-ərkanına, böyük-kiçik yeri gözlədiyinə, həm də Azərbaycan uğrunda şəhid olduğuna, əzab-əziyyətlərə məruz qaldığına görə!

Bu gün Gülnaz ananın fəryadını başa düşmək çətin deyil. Gözünün ağı-qarası, yegənə ciyərparası cismən artıq yoxdur. Lakin ürəyi tez-tez qəşş eləyən ana da özündə təsəlli tapmalıdır. Comərd anası başını uca tutmalıdır. Cəsur övladı təkçə sonuncu şücaəti ilə özünü əbədiyyətə qovuşdurub. Oktyabrın axırlarında genişmiqyaslı hucuma keçən düşman sərhəd postlarını dağıdıb döyüşçilərimızı pərən-pərən salmışdı. Lakin sərhədçilər yalnız öz canlarının hayında deyildilər. Onlar Arazı keçməkdə qaçkınlara kömək edərək İran torpağına qədəm basdılar. Az sonra aranın sərxaş olduğunu hesab edən Əhədgil bu taya keçir, yenidən atəş altına düşürlər. Bir neçə sərhədçi sözü bir yerə qoyub oradan qaçmağı təklif edir. Əhəd və bir dostu isə deyirlər: biz burada qalıb axıradək düşmənlə vuruşacağıq. Onlar ikilikdə "ada”ya silah gətirməyə yollandılar.

Bizi ağlar qoyub gedən xələfimiz, müsibət nə qədər yandırsa da hünərinlə təsəlli tapırıq. Sərhəd qoşunlarının Füzuli bölgəsindəki hissəsinə getdiyin gündən az sonra orada vəziyyət son dərəcə gərginləşmişdi. Erməni banditlər həftələrlə, həftələrlə, aylarla bu bölgəni dəhşət, səksəkə içərisində saxlayıblar, saysız-hesabsız basqın ediblər. Ərazilərimizi yaxıb-yandırıb, yurddaşlarımızı qətlə yetiriblər. Düşmənin neçə-neçə hucumunu dəf edibsiniz, neçə dəfə qrad mərmiləri torpağın altını üstünə çevirib, döyüşçilərimizin qanını qaltan eləyib. Sən isə həmin zonadan geri dönmək istəməmisən. Halbuka buna sənin hüquqi haqqın vardı. Ailədə yeganə övlad olduğun üçün qanuna əsəsən döyüş bölgəsinə getməli deyildin. Lakin müsibətlərə düçar olmuş Azərbaycanımızı çoxlarından artıq istədiyin üçün cəbhədə qalmağı üstün tutdun. Mən getmədim, o getmədi, bəs, Vətəni kim qorumalıdır?! Deyib tankın, BTR-in üstünə yeridin. Öz cəsur sələflərinə çəkib kafir gülləsindən qorxmadın.

Lakin düşman məkrlidir, düşman qəddardır. O müsəlman qanını susayıb. Səni də başından nişan alaraq yaşamaq eşqilə alışıb yanan qəlbini susdurdu. Gözləri kor olsun qatilin, tətik çəkən barmaqları iflic olsun onun! Aldı əlimizdən balamızı, kəsdi Əhədimizi. Təkçə bizimmi?! Bu gün bütün Azərbaycan torpağı qan ağlayır, minlərlə balamız şəhid olub, xalqımız matəm içərisindədir. Lənətə gələsən, müharibə! Lənətə gəlsin səni başlayanlar da, qızışdıranlar da, dayandırmaq istəməyənlər də! Nə vaxtadək xalqımıza ölüm-müsibət saçacaqsan, ey iblis?!

Pərvərdigəra, ey ulu Tanrı, dərgahına əl qaldırıram, eşit səsimi, dinlə qəlbi paralanan anaların ah-naləsini, yetim qalan körpələrin fəryadını, müsibətlərə dözə bilməyən ataların iniltisini! Ümidimiz yegənə sənsən – sən! Son qoy bu qırğına, genofondumuzun məhvinə fərman verənlərin burunlarını ov, öz yurd-yuvalarından didərgin düşüb çöllərə səpələnən azərbaycanlılara rəhmin gəlsin!

Novxanı kəndinin məzarıstandakı Şəhidlər Xiyabanında 19 yaşlı bir igid uyuyur: Əhəd Firuz oğlu İsgəndərov! Qoy hamı bilsin ki, Abşeron torpağında boya-başa çatan sərhədçi Vətənimizin Füzuli-Cəbrayıl bölgələrində erməni faşistlərlə çarpışmalarda şəhid olub.

Əhəd, əzizim, səni ömrümüz boyu unudmayacağıq. Həm də təkçə qohum-əqrəbən, qonşuların yox, bütün novxanılılar, başqa bölgələrdən olan tanışların, dostların, bütövlükdə Azərbaycan! Axı, onun naminə cavan canını fəda eləmisən. Arxayın yat, and içirik ki, sənin əməllərinə layiq işlər görəcək, səni mənən yaşadacağıq!

 

Əliabbas Əlimədəoğlu  

Noyabr 1993                              

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться