NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:18

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nəbibə Həsənova | Регистрация | Вход

Həsənova Nəbibə Baladayı qızı

 

1932-ci il sentyabırın 22-də Bakı şəhərində mötəbər ailədə dünyaya göz açıb. Orta məktəbi Azərbaycan dilində uğurla başa vurub. On yeddi yaşlı qız rus dilini zəif bilməsinə baxmayaraq Moskva İnstitutunda oxumağı qərara alır. İmta-hanlar ADU-nun binasında keçirilirdi. Nəbibəyə Moskva Yüngül Sənaye Texno-logiyası İnstitutunda oxumaq nəsib olur.

Müsəlman ailəsində böyüyən bakılı qız ölkə paytaxtında böyük çətinliklərlə üzləşir, hətta bərk xəs-tələnir. Bəlkə də başqası bu əzab-

əziyyətə tab gətirməyib geri qayıdardı. Lakin Nəbibənin möhkəm iradəsi həmin çətinliklərə sinə gərir. Az vaxt ərzində dostlaşdığı insanlar - müxtəlif millət-lərin nümayəndələri olan tələbə yol-daşları onu qayğı ilə əhatə edərək tez sağalmasına yardım göstərirlər.


Nəbibə səylə, yorulmadan mütaliə edir, tezliklə rus dilinə də yiyələnir. Bu işdə Bakıdan apardığı lüğətlər, eləcə də L.N.Tols-toyun «Anna Karenina» romanı çox karına gəlir.

İkinci kursdan etibarən hər il onları ölkənin tikiş fabriklərinə təcrübə keçməyə göndərirlər. Son təcrübəsini Bakıdakı Volodar-ski adına fabrikin baş mexanik şöbəsində keçən həmyerlimiz sənətinin incəliklərini öyrənir.

1955-ci ildə təhsili başa vuraraq təyinatla, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə.Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir. Onun təklif etdiyi «parça itkisizliyi rasional metodu» və başqa yeniliklər müəssisəni qabaqcıllar sırasına çıxarır. Nəbibə xanımın rəhbərliyi ilə görülən işlər, qazanılan uğurlar dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə

 isə yerli sənaye və məişət xidməti naziri vəzifələrinə yüksəlib. O vaxt Moskvada nəşr olu-nan «Oqonyok» jurnalında dərc edilmiş şəklin altında yazılmışdı: «SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova».

1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur.

Nəbibə xanım vaxtilə pillə-pillə ucalmasında onun əməyinə böyük qiymət verən respublika rəhbərləri V.Axundov, Ə.Əli-xanov, Ə.Əmirov, Ş.Əliyev, Q.Xəlilov, S.Rəhimov, H.Seyidov, Q.Məmmədov kimi şəxsiyyətlərin ruhlarına həmişə dua oxuyur.

1989-cu ildən fərdi dövlət təqaüdündə olmasına baxma-yaraq respublikanın ictimai həyatında fəal 

iştirak edir. Ona gös-tərilən qayğı və diqqətə görə Nəbibə xanım Heydər Əliyev Fon-dunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya uğurlar diləyir.

Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb. 1967-71-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Tanrı çəkdiyi zəhmətin müqabilində xanıma Məşhəd, Kərbəla və Həcc ziyarətlərini nəsib edib.

Hacıxanım üç övlad, 5 nəvə və iki nəticə sahibidir. Övladları Aydın, Yeganə və Təranənin ali təhsilli ziyalı kimi yetişmələrində böyük əmək sərf edib.

Əliabbas Əlimədətoğlu

 

   

 

"12 erməni direktoru vəzifədən azad etmişdim…”

 "…Sədr çox təəccüblənib deyir: "Necə yəni analıq məzuniyyətindədir”? Sonra isə ayağa qalxıb əlavə edir: "Nazir də doğar?”

 Onları sovet dövründə "trudaqolik” adlandırardılar. Bütün həyatlarını işə sərf edər, işləriylə yaşayardılar. Ailə və şəxsi həyat həmişə arxa planda olardı. Adətən, karyerada yüksələndə ailəsiz də keçinmək olmurdu. Çünki sovet qanunlarına görə, vəzifədə olan qadının ilk novbədə ailəsi olmalıydı. Müsahibim 29 yaşında sovet dovründə nazir olan ilk və yeganə qadındır. Xarizmatik olması maneləri dəf etməyi bacarmasında böyük rol oynayıb. O, hələ də öz üzərində işləyir. Təqaüdə çıxdıqdan sonra bir neçə dili mükəmməl öyrənib. Ilk dəfədir ki,  müsahibə verir…

Beləliklə, sabah – sentyabrın 22-də 80 yaşı tamam olan Nəbibə xanım Həsənova ilə söhbətə ilk öncə onu təbrik etməklə başladıq və daha sonra suallarımızı ünvanladıq…

 - Nəbibə xanım, Böyük Vətən Müharibəsindən sonrakı çətin illərdə bir qız necə oldu ki, karyera pilləsində sürətlə üzü yuxarı addımladı?

 - Doğrudur, çətin illər idi, ailəmiz o dövrə görə, çoxuşaqlı sayılmırdı. Atam fəhlə, anam isə evdar qadın idi. Amma buna baxmayaraq, övladlarının 4-nə də təhsil almasında, arzularının ardınca getməsində əngəl olmadılar. Əksinə, gücləri çatdıqları kimi yardım edirdilər. O vaxt təhsil aldığım 172 saylı orta məktəb 8 illik olduğundan başqa məktəbdə təhsilimizi davam etdirməliydik. Özünü öymək olmasın, şəhadətnaməmdə qiymətlərim əla idi. Hələ üstəlik, Fəxri-fərmanla da təltif olunmuşdum. 1947-ci ilin isti avqust ayıydı. Rəfiqəm Tahirə təsadüfən tramvayda Neft Texnikumuna 7-ci sinfi bitirənlərin

 qəbulunun başladığını  oxumuşdu. Özü də üstəlik, fərqlənmə ilə bitirənlərə 4 il ərzində 265 rubl təqaüd də verəcəkdilər.  O dəqiqə yanıma qaçıb dedi ki, Nəbibə,  gəl, sənədlərimizi verək.  Qərara aldıq ki, bundan sonra təhsilimizi institutda davam etdirərik. Ikimizin də bu məsələ ilə bağlı məsləhətləşəcəyimiz adam yox idi. Axı valideynlərimiz savadlı deyildilər. Amma Tahirənin bacıları Səidə və Fəxrəndə Moskvada təhsil alırdılar. Ona görə də sənədlərimizi düşünmədən verdik və qəbul olunduq.

- Deməli, arzunuz  olduğu üçün deyil,  təqaüd xatirinə bu addımı atdınız…

 - Bəli. Nə arzusu, bir tikə uşaq idik. Təhsil almaqla yanaşı ailəmizə də köməklik etmiş olacaqdıq. Yadımdadır, ilk təqadümüzü aldığımızda o vaxtkı Basin (Füzuli-red.) küçəsində qanad açıb uçurduq. Piyada küçəboyu mağazaları dolaşırdıq. Beləliklə, bir il keçdi, 1948-ci ildə atamı itirdik. Yadımdadır, atam "Yeni Avropa” restoranında ocaqçı işləyirdi, hər gün axşam işdən evə dönəndə, məni restorandan gətirdiyi yeməklərə qonaq edərdi. Özü də deyirdi ki, qızım, o biri uşaqlar üçün olmasa da olar, sən oxuyursan, gələcəyin var, ona görə də yaxşı yeməlisən.  Atamdan sonra qardaşımın həyat yoldaşı da vəfat elədi. Onun 3 uşağına da anam baxası oldu. Çətin illər idi. Texnikumdan əlavə gecə məktəbində də oxuyurduq ki, 10 illiyi tez bitirib instituta qəbul olaq. Sonra Tahirənin bacısı yazdı ki, rus dilini yaxşı öyrənib təhsilimizi Moskvada alaq.

- Bəs qərarınızı evdə necə qarşıladılar?

 - Əlbəttə, qardaşımın ağır xasiyyəti vardı, Tahirənin anası isə bu haqda eşitmək belə istəmirdi. Imtahanları verib Kaqanoviç adına Moskava Sənaye Texnologiyaları Institutuna qəbul olundum. Cənubda böyümüş bir qız üçün Rusiyanın şaxtalı havasında yaşamaq elə də asan deyildi. Mən həmin qış bərk xəstələndim. Ilk semestrdə "Marksizm-Leninizmin əsasları” fənnindən iki dəfə cəhd etsəm də, 3 ala bilmədim. Akademik məzuniyyət götürdüm, çünki geri dönsəm, qardaşım məni yenidən Moskvaya buraxmayacaqdı. Həmin müddətdə ciddi-cəhdlə rus dilini öyrənməyə başladım və yenidən instituta bərpa olundum. 3-cü kursdan başalayaraq bizi SSRİ-nin müxtəlif şəhərlərinə təcrübəyə aparırdılar. Diplom işimdə isə Bakıya-Volodarski adına tikiş fabrikinə göndərildim. Lakin təyinatımın hara veriləcəyini bilmirdim. Fabrikdə mənə məsləhət gördülər ki,  yüngül sənaye naziri Davud Şirinova yazılı müraciət edim. Beləliklə, təyinatım üçün razılıq verildi. Əli Bayramov adına tikiş fabrikinə göndərildim, hələ üstəlik 12 kv.metrlik 1 otaqlı mənzillə də təmin olundum. Indiyədək həmin evin orderini saxlayıram. O zaman gənc mütəxəssislərə xüsusi diqqət və qayğı var idi.

- Moskvada təhsil alan gənc mütəxəssisi Əli Bayranmov adına kiçik tikiş fabrikinin istehsal gücü qane edirdi?

- Əlbəttə yox. Təbii ki, fabrikdə parçaların istifadəsi üçün yeni texnologiyalar yox idi. Hətta parçalar qəbul edilərkən belə keyfiyyəti yoxlanılmırdı ki, irad bildirilsin.

Fabrikdə ritmik iş üçün heç bir şərait yox idi,  nəticədə fabrikdə sistematik olaraq,  öhdəliyə götürülən plan yerinə yetirilmirdi. Nə edəcəyimi bilmirdim. Tikişçilər hələ də adi qayçı ilə işləyir, avtomatlaşdırılmış kəsim üsulunu yaxın qoymurdular. Hardasa ilin əvvəlində direktor məni yanına çağırıb bir xanımla tanış etdi. O, Moldovanın Tiraspol şəhərinin tikiş fabrikindən işimizlə tanış olmaq üçün gəlmişdi. Ondan öyrənmək qərarına gəldim. Tiraspola ezam olunub onların səmərəli iş metodlarını mənimsədim. Öyrəndiklərimi fabrikimizdə tətbiq etdim. Nəticə də 1956-cı ildə fabrik öhdəlik planı artıqlamasıyla yerinə yetirdi. Göstəricilərə görə,  2 milyon rubl dövlətə xeyir vermişdik. Həmin illərdə fabrikin bağlanması və Volodarski adına tikiş fabrikinə əlavə olunması məsələsi qoyulmuşdu. Amma Moskvadan gəlmiş yüngül sənaye nazirinin müavinin iştirak etdiyi iclasdakı çıxışımdan sonra bildirdilər ki, fabrik fəaliyyətini müstəqil davam etdkirəcək.

- Belə intesiv fəaliyyətiniz qısqanclıqla qarşılanmırdı?

- Aaa.., əlbəttə, qarşılanırdı. Elə oradaca bəlli oldu ki, bu ideyanın arxasında Volodarski adına fabrikin direktoru M.Rzayeva dayanır. Həmin iclasda iştirak edən Azərbaycan Nazirlər Sovetinin sədri Sadıx Rəhimov çıxışında dedi ki, gedin  Rzayevaya deyin ki, özünə xəngəl kəsə bilmir, başqalarına əriştə kəsməsin… Beləliklə, 1961-ci ilədək bu fabrikdə çalışdım. Işimi və fabriki çox sevirdim,  burada çox şey öyrənmişdim, həmçinin öyrətmişdim də. Mənzilim fabrikin həyətində yerləşdiyindən gecə-gündüz burada olurdum. Zəhmətimə dəyər də verirdi, rəhbərlik. May ayında KP MK-nın sənaye şöbəsinin müdiri Şükür Əliyev məni yanına dəvət etdi. Söhbət etdikdən sonra heç bir açıqlama vermədən partiya-təssərrüfat xarakteristkası gətirməyimi söylədi. Həmin illərdə artıq ailəliydim, iki uşaq anasıydım. Işimlə baglı ailədə həyat yoldaşımla münasibətlərim də korlanmışdı.

Bir həftə sonra yenidən mənə  xarakteristika gətirməyim üçün xəbərdarlıq etdilər. Kabinetdən çıxanda MK-nın instrukturu Sima xanımla qarşılaşdım, öyrəndim ki,  mənim yerli Sənaye Nazirliyində nazir müavinliyinə namizədliyimi verirlər.

- Gözləmirdiniz?

- Təbii, yox!  Elə həmin an rədd cavabı verdim. Ailəmdə problem vardı. Qanuna görə isə, onun razılığı alınmalıydı. Amma bu məsələ də yüksək səviyyədə həll olundu. Allaha şükür edirəm ki, 40 illik əmək fəaliyyətim dövründə (1949-1989) doğru və dürüst oldum. Respublikanın istənilən rəhbərinə etdiyim müraciətə müsbət cavab verilirdi. Özümə qarşı gördüyüm belə münasibətə görə, işləmək asan idi mənim üçün.

- Bəs necə oldu ki, gənc yaşınızda sizi nazir təyin etdilər?

- Nazir müavini işləməyimdən 2 il ötmüş, 1963-cü ildə Nazirlər Kabinetinin o vaxtkı sədri Ənvər Əlixanov, daha sonra KP MK-nın sənaye üzrə katibi Əli Əmirov yanına dəvət edib içində hansısa sənədlər olan məktubu şəxsən verərək, Moskvaya gedəcəyimi və mayın 5-də həmin məktubu göstərilən ünvana təqdim edəcəyimi tapşırdı. Amma yenə maraq mənə güc gəldi: "Görəsən, konvertin içində nə var?” Moskvaya uçmağıma az qalmış Əli Əmirovun yanına getdim. Kabinetinə girib konvertdə nə olduğunu soruşdum. Əmirov mənə anlatdı ki, söhbət mənim təyinatımdan gedir. Həmin an soruşdum ki, bəs mənim nazirim Məmmədovun aqibəti necə olacaq? Cavab verdi ki, sən get Ticarət Palatasına. Bu artıq nazirlik səviyyəsindədir, ona əvvəlki kimi hörmətlə yanaşacağıq.

Moskvadan geri döndüyümdə artıq Azərbaycan KP MK-sı məni respublikanın məişət xidməti və yerli təsərrüfat naziri vəzifəsinə təyin etmişdi.

- Bəs bu sizin üçün yeni sahə deyildi?

- Xeyir, artıq bir neçə il idi ki, bu sahədə çalışırdım. Beləliklə, ilk gündən işim "Nəyə görə bunu yeməli” sualının öyrənilməsi və ikşafına cavab axtarmaq oldu.  Bununla da respublikada şadlıq evlərinin açılmasına başlanıldı.

- Çətinlikləriniz olurdu?

- Əlbəttə, lakin ortaya çıxan bütün suallar həllini tapırdı.  Respublika rəhbərliyi həmişə kömək əlini uzadırdı. Hətta sonbeşiyimi gözləyərkən belə mən işimi davam etdirirdim. O vaxt belə bir hadisə olmuşdu. Bir dəfə Nazirlər Sovetinin iclasında  hansısa komitənin qadın sədrini axtarırlar. Hamı susur. Kimsə yerindən deyir ki, o analıq məzuniyyətindədir. Sədr çox təəccüblənib deyir: "Necə yəni analıq məzuniyyətindədir”? Sonra isə ayağa qalxıb əlavə edir: "Nazir də doğar?”  Biz də həmişə bu sohbətə gülərdik. Ona görə də son anadək hamilə olduğumu nəzərə çarpdırmamaq istəyirdim. Çalışmağıma baxmayaraq, ayağımdan çəkənlər də az deyildi. Əksəriyyəti də bədnam qonşularımızın nümayəndələri və təəssübkeşləri.  Tələbkarlığım çoxunun xoşuna gəlmirdi. Moskvadan qayıtdıqadan sonra eşitdim ki, məndən danos yazıblar.  Hələ bir ardımca biri də deyib ki, nə forslanır ee.. 100 min dostumuz, 100 min də pulumuz var. Istəsəm, günü sabah onun yerində oturaram. Onun bu danışığı lazımı yerlərə çatdırıldığından qulaqburması aldı. Sonralar işdə verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad edildi. Hətta hökumətin ən yuxarı orqanlarıyla qarşı-qarşıya gəlmək çətinliyi ilə üzləşib işləməli olmuşam.

- Bu doğrudur ki, 12 direktoru heç kimlə razılaşdırmadan eyni gündə işdən azad etmisiniz?

- Hə, elədir ki, var. Erməniəsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən tutuğu vəzifədən azad etmişdim. Bu şəhərdə sensasiya doğurmuşdu. Hətta digər nazirlər mənimlə qürur duyaraq deyirdilər ki, buna necə nail ola bildin? Tədricən vəzifəli ermənilərin qanadı altına sığınanların da hamısını  tutduğu vəzifələrdən azad etdim. Belə də, bacarıqlı olmayan birini yüksək vəzifəyə təyin etməyimi istəyirdilər. Qəti olaraq etiraz etdim ki, Bakı şəhər KP katibinin icazəsi olmalıdır. Bu zaman otaqda əyləşmiş tanımadığım bir adamın zəhmli və məmnun səsini eşitdim: "Heç 12 nəfər direktoru bir əmrlə işdən azad edəndə heç kimdən soruşmamışdınız…”. Bildirdim ki, onda səhv etmişəm, indi təkrarlamaq istəmirəm… Demə, həmin adam o zamanlar DTK-nın sədri olan Heydər Əliyev imiş. Hazırcavablığım və erməniləri işdən azad etməyim xoşuna gəlibmiş.

- Bəs nə əcəb bu qədər enerji ilə uzun müddət evdə otura bildiniz?

 - 1989-cu ildə nazir səviyyəsində fərdi təqaüdə çıxdım. Bu, Qarabağ probleminin başladığı vaxt idi. Həyatımın və fəaliyyətimin qalan hissəsini balalarımın balalarına həsr etdim. Axı övladlarıma istədiyim kimi vaxt ayıra bilməmişdim. Amma indi yenə həmin güc içimdədir. Istənilən sahəni mənə versələr, ayağa qaldırıb uğur əldə edə bilərəm. Axı mən idarəetməni yaxşı bacarıram…

Söhbətləşdi: Gülnaz Qənbərli

 

- qəzeti, 21-23 sentyabr 2012-ci il.

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться