NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 08:19

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Oqtay Sadıxzadə | Регистрация | Вход

 

Sadıqzadə Oqtay Seyid Hüseyn oğlu

 

O, məşhur ədəbiyyatçıların – yazıçı Seyid Hüseynin və şairə Ümmügülsüm xanımın ailəsində, poetik bir aləmdə böyüdüyündən, təbiidir ki, incəsənətdə öz yolunu əbədi obrazlar vasitəsilə tapmaq istəyirdi.

Oqtayın atası görkəmli yazıçı Seyid Hüseyn yeni sosial şəraitə uyğunlaşıb ədəbi yaradıcılığa meyl edir, o dövrün bütün ictimai hadisələrinə maraq göstərir, tez-tez qəzet və jurnal səhifələrində çıxış edirdi. Həmçinin Məhəmmədəmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm də poeziyaya və milli azadlıq ideyalarına qızğın maraq göstərirdi. Oqtay, Cığatay, Toğrul və balaca Qumral ailənin çoxsaylı dostları – Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Süleyman Rüstəm, Cəfər Cabbarlı kimi yeni Azərbaycan ədəbiyyatını yaradanların poetik mübahisələri mühitində böyüyüb tərbiyə alırlar.

Rəssam olmağı Oqtay uşaq illərindən arzulayırdı. O, rəssamlığa maraq göstərməklə bərabər, evlərindəki ədəbi mühitdən kənarda qalmamaq üçün şeir yazmağı da xoşlayırdı. Füzuliyə, Natəvana aşiq olan gözəl və incə şairə Ümmügülsüm xanım oğlunu şeir yazmağa həvəsləndirir, onu poeziya aləminə bağlamağa səy edirdi. Ana lap kiçik yaşlarından onun üçün özünün və başqalarının şeirlərini oxuyardı. Nəhayət o, atasının da razılığına səbəb olan rəssamlığı seçdi və 1935-ci ildə rəssamlıq texnikumuna daxil oldu.

Oqtay o vaxtkı müəllimlərindən rəssam Piralovu minnətdarlıqla xatırlayır. Ensiklopedik savada malik olan bu istedadlı rəngkar eyni zamanda musiqiçi və riyaziyyatçı idi, Fransada və İtaliyada təhsil almışdı, çox ziyalı adam idi. O, bildiklərini böyük məmnuniyyətlə tələbələrinə də öyrədirdi.

Oqtay Sadıqzadə dünya klassiklərinin, Qərbi Avropa, Rusiya, eyni zamanda, Azərbaycan yazıçılarının, eləcə də, atası Seyid Hüseynin əsərlərini oxuyurdu. Seyid Hüseynin  hekayələri ancaq atasını çox sevdiyinə görə yox, dilinin sadəliyinə, mövzunun inandırıcılığına, yığcamlığına görə xoşuna gəlirdi. Çox mümkündür ki, o, sürgünü xatırladan əsgərlik həyatında baş verən əzablara, dəhşətlərə məhz bu kitablar sayəsində dözə bilmişdi.

Ata və anasını 1937-ci ildə "xalq düşməni” kimi həbs etmişdilər. Oqtay bir də onlarla görüşə bilmədi. Uşaqları Seyid Hüseynin bacısı qızı 21 yaşlı Səyyarə öz öhdəsinə götürüb, həyatını 4 yetim cocuğa həsr etdi. Oqtay birdən-birə ailə başçısını əvəz etməli oldu. O, çörək pulu qazanmalı, təhsilini davam etdirməli idi. 1939-cu ildə rəssamlıq məktəbini bitirdi. Arzu edirdi ki, dostları ilə bir yerdə Moskvada təhsilini davam etdirsin, lakin üzərinə düşən məsuliyyət və maddi çətinliyə görə bu ona müyəssər olmadı.

O, respublika sərgilərində iştirak edir, əsərləri sərgi komitəsi tərəfindən yüksək qiymətləndirilirdi. 1940-cı ildə Moskvadan gələn komissiya Tretyakov qalereyasında açılacaq ümumittifaq sərgisi üçün 2 əsər çesmişdi, onlardan biri 19 yaşlı Oqtay Sadıqzadənin "Çağırışçılar” tablosu idi.

1941-ci ilin yanvar ayında Oqtay Moskvada oxuyan dostu Mikayıl Abdullayevdən belə bir məktub alır: "Hörmətli qardaşım Oqtay, salam! Yeni il münasibətilə səni səmimi qəlbdən təbrik edir, can sağlığı, şən həyat və parlaq gələcək arzulayıram. Oqtay, Tretyakovkada  "Sovet rəngkarlığı 23 ildə” sərgisi açılıb. Sənin "Çağırışçılar” əsərin ilə Sadıq Şərifzadənin "Kəndli” etüdü asılmışdı. Əsərini görəndə çox sevindim. Bizim gənclər arasında belə bir istedada malik olduğun üçün səni yenidən təbrik edirəm. Asan deyil, o sərgidə P.Konçalovski, İohanson, S.Gerasimov kimi korifeylərin işləri asılıb. Əlbəttə, bu, böyük müvəffəqiyyətdir”.

Oqtay Sadıqzadənin bu uğurdan sevinməsi çox çəkmədi. 1941-ci ildə "xalq düşməni”nin oğlu kimi onu Altay diyarına sürgün etdilər. O vaxt 20 yaşı var idi. Bu ölüm-dirim illəri onun üçün böyük həyat məktəbi oldu. Bakıya 1946-cı ildə qayıda biləcəkdi. Atasının taleyindən hələ də heç bir xəbər yoxdu. Anasının isə Mordva vilayətinin soyuq iqlimində 7 il ağır həbs cəzası nəticəsində 40 yaşında ikən əlil olub Bakıya qayıtdığını və 4 ay sonra evindən, uşaqlarından uzaqda – Şamaxıda qəflətən vəfat etdiyi xəbərini eşitdi. 1947-ci ildə ailənin daha 2 üzvü – onlara analıq etmiş bibisi və kiçik qardaşı Cığatay da vəfat etdi.

Həmin vaxtdan Oqtay Sadıqzadə hər şeydə - həyatda, insanlarda, rəngkarlıqda, musiqidə, kinoda sevinc hissini, şadlığı və harmoniyanı qiymətləndirməyə başladı. Həyatında bollu qəm-qüssə, kədər olduğundan indi gülümsəyən, xoşxasiyyət adamlardan xoşu gəlməyə başladı. Axı əvvəllər pislik, qəzəb, laqeydlik görmüşdü.

1955-ci ildə Oqtay Sadıqzadəni "Azərnəşr”ə baş bədii redaktor vəzifəsinə dəvət edirlər. O, nəşriyyatda işlədiyi illərdə poliqrafiya mədəniyyətini yüksək səviyyəyə qaldırmağa çalışır, özü də kitablara illüstrasiyalar çəkməyə başlayır. Bu illərdə Azərbaycan oxucuları onun Balzakın "Qorio ata”, V.Hüqonun "Səfillər”, Turgenevin "Atalar və oğullar”, M.Qorkinin "Artamonovların işi” əsərlərinə çəkilmiş qəhrəmanların yaddaqalan gözəl obrazları ilə tanış oldular.

Oqtay Sadıqzadə Hüseyn Cavidin bütün pyeslərinə, Cəlil Məmmədquluzadənin, Seyid  Hüseynin, Cəfər Cabbarlının bir çox əsərlərinə, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib”, həmçinin Rəşad Nuri Güntəkinin "Çalı quşu” romanına illüstrasiyalar çəkib.

1956-cı ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmiş bacarıqlı, ətrafına xoş enerji yayan, üzügülər Elmira Şahtaxtinskaya nəşriyyatda çalışmağa başlayanda iş daha da maraqlı oldu. Get-gedə gözəl, hazırcavab, gülməyi sevən bu qadından şölələnən işıq Oqtay Sadıqzadəyə nəinki iş saatlarında, hətta günün qalan hissəsində də sevinc gətirməyə başladı. Tezliklə hər ikisində daimi ünsiyyətdə olmaq arzusu yarandı, çünki onlar bir-birini son dərəcə tamamlayırdılar. Elmira Şahtaxtinskaya plakat və mənzərə janrında yaradıcılıq çərçivəsini genişləndirərək Azərbaycan mədəniyyətinin əhatəli təsviri ensiklopediyasını yaratmaq fikrinə düşür. Oqtay Sadıqzadə isə yazıçı və şairlərin obrazlarını yaratmaqda və qrafika sahəsində püxtələşir. Bir müddət sonra hər ikisi nəşriyyatdan çıxıb azad yaradıcılığa başlayır.

1950-ci illərdən sonra Oqtay Sadıqzadənin xəyalını Xəqaninin, Qətran Təbrizinin, Natəvan və Heyran xanımın, Nəsiminin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin poeziyası, müğənnilərin, bəstəkarların, pambıqçı qızların obrazları məşğul edir. Nəticədə muzeylərimizi bəzəyən gözəl əsərlər yaranır.

Fırça ustasının qrafika və rəngkarlıq əsərləri hazırda Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət, Nizami adına Ədəbiyyat, Dövlət Tarix, C.Cabbarlı adına teatr, eləcə də Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Bülbülün, Hüseyn Cavidin ev muzeylərində, həmçinin Dövlət Şəkil Qalereyasında və Almaniya, ABŞ, Kanada, İsrail, Belorus və Pakistanda şəxsi kolleksiyalarda saxlanılır.

Portret janrı barədə Van Qoqun aşağıdakı sözlərini Azərbaycan rəssamı Oqtay Sadıqzadəyə də aid etmək olar: "Mən portret üzərində işləyərkən özümə inanıram, bilirəm ki, bu, məndə olan ən yaxşı cəhətləri inkişaf etdirən çox ciddi bir işdir”.

1980-1990-cı illərdə Oqtay Sadıqzadə koloritinə, kompozisiyasına, obraza münasibətinə görə müxtəlif növ portretlər yaradıb. Bu dövrdə Oqtay Sadıqzadənin portretlərində özünəməxsus emosional həssaslıq və rasional aydınlıq gözə çarpır. Poetik xüsusiyyətə malik olan bu rəssam Renuarın aşağıdakı sözlərini təkrar edə bilər: "Əsər mənim üçün həmişə xoşagələn, fərəhli və gözəl olmalıdır”.

Son 15 ilin yaradıcılığı Oqtay Sadıqzadənin sənətində keyfiyyətcə yeni bir mərhələdir. O, ancaq rəngkarlıqla məşğul olur. Yaratdığı obrazlar daha fəlsəfi, canlı və zəngindir. Onun fırçasından çıxmış Azərbaycanın elm və mədəniyyət xadimlərinin portretləri romantizminə və səmimiliyinə görə çox valeh edicidir. Bu əsərlərin hamısında insan qəlbinin dərin sirlərinə nüfuz etmək, qəhrəmanlarını sevmək, xeyirxahlığın və humanizmin qələbəsinə inam əsas yer tutur.

2000-ci ildə Oqtay incəsənət həvəskarı və rəngkarlıq kolleksiyasının sahibəsi, Drezdendə yaşayan tibb elmləri doktoru, professor frau Marion Marrenin portretini çəkmişdi. Rəssamın yüksək ustalığı barədə professorun məktubundan aşağıdakı sətirləri yada salmaq yerinə düşər: "Sizin əsərinizi alanda mən heyran oldum. Şəklə baxan kimi hiss etdim ki, bu, həqiqətən mənəm. Mən  sadəcə olaraq öz portretimə baxıram, mən burada daxilimi, ruhumu görürəm. Siz dahi rəssamsınız və mən fəxr edirəm ki, sizin əsərinizə sahib olmuşam və mən buna görə böyük minnətdarlığımı bildirirəm. Xüsusən də ona görə ki, bu, son dərəcə şəxsi xarakter daşıyır. Mən Drezdendə yaşayıram. Saksoniyada, bədiilik cəhətcə yüksək inkişaf səviyyəsinə malik olan bir diyarda bir nəfər də olsun rəssam yoxdur ki, portret rəngkarlığının qədim yüksək epoxasının  stilində sizin kimi əsər yarada bilsin”.

Təxminən həmin vaxtlarda Oqtay Sadıqzadə "Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri üçün material toplamağa başlayır. Bu əsərlər Nizami adına Ədəbiyyat muzeyi mərkəzi salonunun əsas divarında asılacaq ekspozisiya üçün sifariş verilmişdi. Divarın böyük sahəsi rəssamın öz mülahizəsinə görə doldurulmalı idi. İstedadlı  sənətkar  xeyli fikirləşəndən sonra 5 böyük tablo işləmək qərarına gəlir. Bu çox mürəkkəb və məsuliyyətli işə Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf etdi və nəhayət 1999-cu ildə əsərlərin təqdimat mərasimi oldu.

Ekspozisiyanın mərkəzindəki iri tablo silsilənin adını daşıyır: "Nizami Gəncəvi və dünya mədəniyyəti”,  Onun yanındakılar "Antik filosoflar”, "Nizaminin sələfləri”, "Nizaminin xələfləri”, "Nizami və Avropa mədəniyyəti” adlanır.

Oqtay Sadıqzadənin Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, fəxri fərmanlar və mükafatlarla qeyd olunub. O, 1977-ci ildə Azərbaycan Əməkdar  İncəsənət xadimi fəxri adına, 1992-ci ildə isə Azərbaycan xalq rəssamı adına layiq görülüb.

1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən Oqtay Sadıqzadəyə müstəqil Azərbaycanın "Şərəf” ordeni təqdim olunub. Görkəmli rəssam hesab edir ki, ordenin təqdim olunduğu gün onun həyatında ən həyəcanlı, xoşbəxt günlərdən biridir, sənətkar üçün yeni yaradıcılıq axtarışlarına xidmət edən qüvvətli stimuldur. Və bu da fərəhlidir ki, insan hələ yaradıcılıqla məşğul olursa, demək o, hələ cavandır və incəsənətin ali məqsədi olan gözəlliyə xidmət etməkdədir.

                                                           Gülrəna Qacar

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться