NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 06:50

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Həmkəndlilərimizin əhvalatları | Регистрация | Вход


"Qulaqkəsmə” əməliyyatı

Mircavad Babayevin işlədiyi neft buruğuna Sabit Orucov baş çəkir. İşdən söhbət edirlər. Sonda aralarında maraqlı bir dialoq baş verir.

SSRİ neft nazirinin birinci müavini buruq ustasından soruşur:

-  Haralisan?

-  Bakılı!

-  Bakının hansı kəndindən?

-  Novxanıdan!

-  Eşşək qulağı kəsənsən?

-  Yox, eşşək adamın qulağını kəsən!

-  Vur bura, bildim ki, həqiqətən novxanıdansan! - nazir müavini ona əl uzadır.

Mircavad kişinin söhbəti məni maraqlandırdı. Qabaqlar da "qulaqkəsən novxanılı” ifadəsini eşitmişdim. Maraqlandım ki, niyə novxanılılara "qulaqkəsən” deyirlər.

Rəhmətlik Malikəjdər kişi, Hacı Gülhüseyn və digər kənd sakinləri aşağıdakıları mənə nəql etdilər:

1890-cı illərin əvvəli idi. Kənddə, evindəcə adam öldürmişdürlər. Hadisə baş verən evin qonşuluğunda yaşayan Abbas kişi istintaq aparanlara məlumat verir ki, cinayət törədilən gecə öldürülənin evindən Hacı Rza Hacı Mirzə oğlunun səsi gəlirdi. Məhkəmədə də ifadələrini təsdiqləyir və qulaqlarını göstərərək bəyan edir ki, Haci Rzanın səsini bu qulaqları iıə eşıdib. Hacı Rzaya on il katorqa cəzası kəsilir və o, Sibirə göndərilir.

Günlərin bir günü kəndlilər tarlada işləyirdilər. Kəndlinin biri uzaqdan onlara tərəf gələn adamı Hacı Rzaya oxşadır (Burada iki versiya səsləndirilir: bir qrup söyləyir ki, Hacı Rza vaqonun döşəməsini söküb qaçır, digərləri isə deyirlər ki, Hacı cəza çəkdiyi katorqa rəisinin arvadı vasitəsilə  məzuniyyətə buraxılır). Məhkəmədə üzünə duran Abbas kişi deyir: " Hacı Rzanı elə basdırmamışam ki, bir də kəndinə qayıtsın!”. Yaxınlaşan adam həqiqətən Hacı Rza idi. Abbas kişi qorxusundan yerindən tərpənə bilmir. Hacı Rza cibindən bıcağı çixarıb ona böhtan atanın hər iki qulağını kəsir.

Bu əhvalat bütün Bakı kəndlərinə yayılır. "Qulaqkəsən” ləqəbi bizim həmkəndlilərimizə yapışır.

Vaqif Ağayev

 

 

 Kafir cəzasını aldı

Xoş bahar səhəri idi. Məşədi Əliövsət ailəsinə məxsus 20-25 qoyunu sovxoz bağı yaxınlığındakı otlağa buraxaraq dərin xəyala dalmışdı. Ona yaxınlaşan qarovulçu ucadan səsləndi:

- A kişi, qoyunları nə üçün bağa buraxıbsan?

- Bacıoğlu, bağ hara, qoyunlar hara?! Meynələrdən azı əlli-altmış metr aralıyıq!-deyə mömün təəccübünü bildirdi.

- Dünən otarmısan! –deyə orta yaşlı kişi əl-qolunu ölçməyə başladı.

Əliövsət təmkinini pozmadı:

- Bacıoğlu, məgər mən uşağam ki, bağ otaram?! İndi qoyunu bağa buraxmaq hər şeydən əvvəl günahdır.

Məşədi gördü ki, heyvərə əl çəkmir, başladı and-amana:

- Allaha and olsun ki, mən qoyunları bağa buraxmamışam!

Gəda sakitləşmək əvəzinə Allahı söydü. Buna mömün dözə bilməzdi. Gecə-gündüz zikr etdiyi ulu varlığın ünvanına səsləndirilən iyrənc ifadə onu təbdən çıxardı. Qarovulçuya elə bir sillə ilişdirdi ki, o, yerə sərildi. Kafir qalxıb oğlunu köməyə səslədi. Nə yaxşı ki, sərnişin avtobusu buradan ötürdü. Adamlar yerə düşüb dalaşanları aralaşdırdılar.

İmam Hüseyn aşiqi Əliövsət Əlimədət oğlu bir neçə ildən sonra digər arzularına da qovuşdu. Kərbəlayi və Hacı titullarını qazandı. Ömrünün sonunadək Novxanı və ətraf kəndlərin camaatına təmənnasız xidmət elədi. Dəfn mərasimləri onsuz keçməzdi. Hacının azanı (bu gün də səslənməkdədir), Tilavəti insanları ehtizaza gətirirdi. Bir sinif belə təhsili olmamasına baxmayaraq Qurani-Kərimi əzbər bilirdi. Allaha ibadəti, islamın müqəddəs simalarına sonsuz məhəbbəti onu mömünlərin ön sıralarına çıxarmışdı. Xeyirxahlıq, insanlara əltutmaq üçün göz açmış bu şəxsiyyət sağlığında həyatda axirət dünyasını qazanmışdı.

Əliabbas Əlimədətoğlu

 

Kasıbı belə ev sahibi edərlər

Bir gün kənd camaatı kasıb və yetim bir oğlanı evləndirmək fikrinə düşür. Toy başlanır. "Xozeynlər” toyda sini gəzdirəni çağırırlar, hərə 1 onluq (o zaman böyük məbləq idi) qoyur siniyə. Bu dəmdə əynində çuxa, başında çoban papağı, ayağında çarıq, əlində çomaq coratlı Ağagül bəy gəlir. Boynundan bir torba çıxarıb 10 qızılı qoyur siniyə. Sini gəzdirən getmək istəyir, lakin Ağagül bəy deyir: "Getmə, dayan. Mən toya 1000 toğlu, 200 təkə, 300 kərə verirəm.” Sini gəzdirən yenə getmək istəyir, bəy səslənir: "Toy yiyəsinə 1 at, 1 çoban, 1 it də verirəm. Kasıbı belə ev sahibi edərlər.” "Xozeynlər” maraqlanırlar: "Axı, bu kimdir, bizi biabır elədi!”  Onları başa salırlar ki, bu, Ağagül bəydir!

Lalə Abuzərova

 

 

Yazda bunun qublasını ...

Əlizaman əslən şamaxılı olan məşhur "6 aylıq pəhləvan”la güləşməli olur. Qarşılaşmamışdan qabaq "6 aylıq pəhləvan” cibindən nə isə çıxarıb Əlizamana verir. Deyir ki, ye, bu, çox xeyirli şeydir, adama qüvvət verir.   

Əlizaman soruşur ki, bu nədir belə.

Pəhləvan söyləyir ki, əncirdir.

Bu zaman Əlizaman ona deyir: "Ay qədeş, sən nə danışırsan, mən yazda bunun qublasını, yayda varəncirini, payızda əncirini, qışa döndü, irçalını, piskəndəsini, unnucasını, əncir doşabını, "eşşək qulağıını” yeyirəm, ta ki, o biri yaz gələnə kimi. İndi görəcəksən ki, o ənciri yeyən nə gücdə olur.

Deyilənlərə görə o vaxta qədər "6 aylığın pəhləvan”ın kürəyini yerə vuran olmayıb. Əlizaman ilk qalib olub.

Lalə Abuzərova 

 

 

Mərhəmət hissi olanda

Altmış-yetmiş il öncə qış aylarında Novxanıda tez-tez qar yağar, kasıbların vəziyyətini ağırlaşdırardı. Lakin o zaman adamlarda mərhəmət hissi güclü olduğundan imkansızlar diqqətdən kənar qalmırdı.

Bir il qış çox sərt gəlmişdi. Neçə gün fasiləsiz yağan qar kənd evlərini görünməz etmişdi. Cavan oğlan Baba Əlimədət oğlu bir səhər həyətə çıxanda qonşuluqdakı evi görmədi. Bərk narahat oldu, qara bata-bata irəliləyib həmin evin bacasının yanında dayandı. Onu dəhşət bürüdü. Axı, burada tənha qoca yaşayırdı, Baba da vaxtaşırı onun üçün ərzaq gətirirdi. Cavan əmioğlusu Əliməmmədi və bibisi oğlu Əzimi tez köməyə çağırdı. Qohumlar Babanın belinə ip bağlayıb bacadan içəri saldılar. Otaq çöldən soyuq idi. Yorğana bürünmüş qoca tir-tir əsir, dili söz tutmurdu. Dərhal odun gətirib ocağı qaladılar, kişiyə çay, xörək, çörək verdilər. Cavanlar köməkləşib bir neçə saatdan sonra qapının qarşısını təmizlədilər.

Kənddə yollar qardan açılanadək Baba hər gün bu evə baş çəkir, kimsəsiz kişiyə yemək çatdırır, otağını isidirdi. Qoca daha bir neçə qışı da yola verdi. Babanın adı onun dilindən-ağzından düşmürdü.

Əliyev Hacı Baba Əlimədət oğlu orta və ahil yaşlarından xeyixah olub. O bu gün də Novxanının xeyirşər məclislərində fəal iştirak edir. 

Zərbəli

 

 

Fərliləri göndərdilər fərlilərin yanına

 

Böyük Vətən müharibəsi başlanandan az sonra iş qabliliyyətli insanların əksəriyyəti cəbhəyə getmişdi. İdarə və təşkilatlarda işçi qüvvəsi çatışmırdı. Şəhər partiya komitəsi bir əli şikəst olan İsgəndəri Binəqədi rayon hərbi komissarina köməkçi göndərmişdi.

Komissar Kərimovun qanı bərk qara idi. O, bir tərəfdə dayanıb boynunu əymiş İsgəndərdən soruşur:

- Sən nə istəyirsən?

İsgəndər əlindəki göndərişi komissara uzadır. Kağızda yazılanları oxuyan Kərimov kişinin əlinə baxıb səsini qaldırır:

- Bir fərli adam tapmadılar ki, mənə köməkçi göndərsinlər?!

İsgəndər şəstini pozmadan deyir:

- Fərliləri göndərdilər fərlilərin yanına, məni də sənin yanına!

Mirsəməd Cəfərli

 

"Oldun Mikayıl Abdullayev”...

 

Azərbaycan təsviri və tətbiqi sənətinin təbliğində və inkişafında tanınmış sənətşünas Məmmədağa Tərlanovun da böyük xidmətləri olmuşdur. Onu tanıyanlar indiyədək xatırlayırlar ki, Məmmədağa müəllim düz danışan, sözü birbaşa, heç kəsdən çəkinmədən adamın üzünə deyərdi.

O, 1946-cı ildə  Azərbaycan Rəssamlar İttifaqının məsul katibi  idi. Bir gün Rəssamlar İttıfaqında  təsviri sənət ustalarının yaradıcılığına həsr olunmuş toplantı keçirilirdi. Gənc rəssamlardan biri çıxış üçün icazə istəyib ayağa qalxdı. Narazılıqla:

- Əşi, belə şey olar? Kist yox, xolst yox, rəng yox!   Belə necə işləyəsən?

Məmmədağa Tərlanov bir an da düşünmədən dərhal qayıdır: 

- Bura bax e, kist də var, xolct da var, rəng də! Oldun Mikayıl Abdullayev. Hə, nə olsun?!

Hacı Arif Teymurov

 

 

 

Silləni adama belə vurarlar

Bakının bazarlarının birində Əsəd bir kişi ilə mübahisə edir, üstəlik haqsız olaraq bir sillə də yeyir. Böyüyə cavab verməmək tərbiyəsini almış cavan kor-peşman evinə -  kəndə qayıdır.

Hadisədən 5-6 ay keçir. Həmin kişi isti yay günlərinin birində, ulağın üstündə Novxanı bağlarında yol azır. Halı xarablaşır, üstəlik də mindiyi heyvan da susuzluqdan yanır. Təsadüfən bu hadisə Əsədin bağ evinin yanında baş verir.

Əsəd, kişini tanıyır və oğlunu onun dalınca göndərir, qonaq edir. Qonağın etirazlarına baxmayaraq süfrəyə yemək gəlir, çay içilir, qarpız kəsilir və s. Ulağına da qulluq edilir. Bu boyda diqqətdən təəccüblənən qonaq Əsədə qayıdır:

- Ay kişi, mənə verdiyin xəcalətin əvəzindən necə çıxacağam?

Əsəd cavab verir:

- Bir neçə ay əvvəl, Bakının bazarında haqsız olaraq bir cavana sillə vurmağın yadındadır? Həmin cavan mənəm. İndi get, silləni adama belə vurarlar.

Pərt olan kişi kor-peşman evinə - Bakıya qayıdır.

Mirsəməd Cəfərli

 

 

Möcüzə

Kəndin ağsaqqalı, el arasında böyük nufuz sahibi Hacı Ağababa Hacıbaba oğlu Kiçikmirzəzadə 1926-cı ildə Novxanıda dünyaya gəlib. 55 il Binəqədinin neft mədənlərində işləyib. 1957-ci il mayın 27-ni özünün 2-ci doğum günü kimi qəbul edir. Səbəbini belə izah edir:

Həmin günün gecəsi çox vahiməli yuxu görmüşdüm. Ölmüşəm, məni kəndin yuxarı qəbirsanlığında dəfn edirlər. Ğəbirsanliqda olan sərdabanın damında bir nurani kişinin dayandığını görürəm. Qəbirə qoyuldum, üstüm baqlanmadı, hamı çıxıb gedti. Sakitçə qəbirdə uzanmışam. Birdən sərdabanım damından həmin nurani kişi uca səslə mənim üstümə qışqırdı ki, dur burdan çıx get, bura sənin yerin deyil. Cavab vermədim. Səsini qaldıraraq bir daha sözünü təkrarladı. Cavab verdim ki, hara gedirəm, mən ölmüşəm axı. Üçüncü dəfə lap ucadan sözünü deyəndə qorxumdan mən də qışqırdım və yuxudan oyandım. Qışqirığimla bütün ailəni yuxudan oyadmışdım. Yuxuma elə də fikir vermədim, yuxudu da!

Səhər işə yollandım. O zaman neft buruqları böyük bir texniki konstruksiya formasında olardı. Onların ətrafı dəmir, daş, zir-zibillə dolu olardı. Təmiz yer tapmaq müşkül məsələ idi. Buruqun üst mərtəbəsində təmir işləri aparırdım. Taldan (qaldırıcı kran) yapışdım ki, işlənmiş boruları ilişdirim ona. Tal məni dartdı yaxarı. Bir on metr qalxandan sonra çarəsizlıkdən əllərimi açdım. Oyandım yerdə. Təxminən 30-35 metrdən  xoşbəxtlikdən dəmir, daş olmayan yerə yıxılmışdım. Heç burnum da qanamamışdır. Xəstəxanada bir həftə saxladılar, hərtərəfli yoxladılar, saqlamlıqımda heç bir qusur tapmadılar. O vaxtdan ad günümü ildə iki dəfə qeyd edirəm. Mənim atam da, anam da, bacı-qardaşlarım da dindar olublar. Uşaqlıqdan namaz qılıb Böyük Yaradana ibadət etmışəm. Yuxuda gördüyümü də, başıma gələni də Allahın möcüzəsi hesab edirəm.

Vaqif Ağayev


Həsən özünü yetirməsəydi...

Qonşu kəndin qarovulçusu kolxoz naxırının baş çobanını  təhqir etdiyi üçün bərk döyülmüşdü. Bundan xəbər tutan həmin kəndin rəhbər işçiləri atlara süvar olub əllərində tüfəng üstümüzə hücum çəkdilər. Baş çoban Novxanıya getdiyindən onun köməkçilərinə təpinib bizi mal-qara qarışıq öz kəndlərinə tərəf getməyə məcbur etdilər. O vaxt altı-yeddi yaşım olardı. Bizi döyməsələr də söyüb yamanlayırdılar. Ağlayıb tez-tez Novxanı tərəfə çevrilərək imdad diləyirdik. Bir də gördük ki, ferma müdiri Həsən Məmmədi oğlu kəhər atın belində yanımızdadır.

At "cəza dəstəsi” qarşısında şahə qalxdı. Həsən hər iki əlində tutduğu mauzerləri qənimlərimizə tərəf tuşlayaraq hökm etdi: "Qaytarın mallarımı geri!!!”

Bu dəfə sevincdən ağlayırdıq. Az sonra heyvanlarımız Novxanının yaxınlığında idi. Şikayətçilər kənd Soveti binasının qarşısına toplaşmışdılar. Baş çobanı tapıb gətirdilər. Sovet sədri, rəhmətlik Əlikövsər ona bir sillə ilişdirdi, bərk danladı... Şikayətçilər sakitləşib barışdılar. Öyrəndilər ki, əsas günahkar öz qarovulçuları imiş.

Bir neçə gündən sonra bəlli oldu ki, ferma müdiri həmin hadisə zamanı binoklla otlaqdakı mal-qaraya baxırmış. Qonşu kəndin atlılarının hərəkətini görüb məsələni anlamış və köhləninə süvar olmuşdu. Allah sənə rəhmət eləsin, ey cəsur kişi! Sənintək igidləri mərd novxanılılar daim yad edəcək.

Əliabbas

 

 

Mədəniyyət evi uşaqlara qaytarıldı

2000-ci ildə 110 nəfər şagirdin məşğul olduğu mədəniyyət sarayını sovxozun direktoru əmlak payı adı ilə sataraq uşaqları məşğuliyyətdən təcrid etmişdi. Həmin vaxt məktəbdə valideynlər şurasının sədri olan Eldar Novruzov bu haqsızlığın əleyhinə ilk olaraq öz etiraz səsini qaldırdı, müvafiq instansiyalara müraciətlər etdi. Kəndin o vaxtki rəhbərləri sarayı özəlləşdirən adamın yüksək vəzifəli məmur olduğunu bildirərək Eldar Ağabala oğluna bu işə qarışmamağı məsləhət görürdülər. Lakin bu "məsləhət”   

E.Novruzovu mübarizədən çəkindirmədi. Böyük əzab-əziyyətdən sonra sarayın balacalara qaytarılmasına nail oldu. Uzun illər təmirsiz qalmış və bərbad hala düşmüş mədəniyyət ocağı Eldar Ağabala oğlunun vəsaiti hesabına təmir olunaraq yararlı vəziyyətə salındı. Yeri gəlmişkən, sarayı alan yüksək vəzifəli məmurla E.Novruzovun görüşü baş tutdu. O, məsələnin əsl mahiyyətini bilmirdi. Görüşdə bu mübarizəyə görə Eldar müəllimə hətta təşəkkürünü də bildirdi.

Vaqif Aqayev

 

 

Bizdə Hacı, çoxdu, bacı!

70-ci illərin əvvəllərində Hacı Hüseynov televiziyanın 3 redaksiyasına rəhbərlik edirdi. Günlərin bir günü o öz iş otağında verılışlərin ssenarisini nəzərdən keçirirdi. İşə o qədər aludə olmuşdu ki, qapını astaca aralayıb içəri keçmək istəyən qadını görməmişdi. Birdən eynəyini çıxarıb başını yazı üzərindən  qaldıraraq:

- Kimi istəyirsiniz, xanım?

- Üzr istəyirəm, Hacını olar?

Hacı bir an duruxaraq bədahətən şeirlə:

- Nə Hacı?

- Hansı Hacı?

- Bizdə Hacı,

- Çoxdu, bacı!

Hacı Arif Bahadıroğlu

 

 

 

 


Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться