NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 12:55

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Novxanı və novxanlılar-3 | Регистрация | Вход

Məgələnin əvvəli  (bura basın)

SİYANGÖL - ŞƏHƏR TİPLİ QƏSƏBƏ

 



Novxanı kəndi yaxınlığında,
"Binəqədi Oil Company” şirkətinə məxsus ərazidə (vaxtilə həmin yer Novxanı kəndinin ərazisi idi), Siyanşor gölünün cənub-şərgində orta əsrlərə aid Siyangöl şəhər tipli böyük qəsəbə aşkar edilib. Orada arxeoloji tədqiqat işləri ilə məşğul olan Milli Elmlər Akademiyasının Arxeoligiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, Abşeron ekspedisiyasının rəisi İdris Əliyev aparılan araşdırmalar haqqında bizə maraqlı məlumat verdi:

- "İnstitutun əməkdaşları tərəfindən aparılan qazıntılar zamanı qədim kəndin ərazisində IX-XVI əsrlərə aid mancanaq daşı, keramika (o cümlədən şirələnmiş) məmulatları, kömür və küllə dolu dulusçu kürəsi, tikili qalıqları, heyvanat sümükləri, yaşayış məntəqəsini su ilə təmin edən ovdan qrupları aşkar olunub.  Tapıntılar, burada uzun müddət yaşayış məkanının olmasını təsdiq edir. Elmı araşdırmalar göstərir ki, burada hələ Tunc dövrində insan yaşayıb. 40 ildən artıqdır ki, Siyangöl dövlət tərəfindən qorunan ərazidir. Lakin burada onilliklərlə neft hasilatının aparılması səbəbindən abidələrin böyük hissəsi dağılaraq gələcək elmi tədqiqatlar üçün yararsız hala düşüb.

XVI əsrdə Xəzərin səviyyəsinin 13 metr 80 sm. qalxması və burada neft hasilatına başlanması ilə əlaqədar olaraq, əhali yeni yaşayış yerlərinə - Novxanıya köçüb”.

Alimlərin əksəriyyəti Novxanı kəndinin yaranmasını Siyan və yaxud Siyangöl yaşayış məskəninin dağılması ilə əlaqələndirir. Onlar iddia edirlər ki, siyanlılar tikdikləri təzə kəndi Novxanı ("Nov” təzə, "xana” ev deməkdir) adlandırıblar. Faktiki olaraq bu mövqe rəsmiləşdirilib. Lakin siyanlıların Novxanı kəndini salması fikri ilə həmkəndlilərimizin bir çoxu
razılaşmır. 

Novxanının özündə arxeoloji qazıntılar aparılmayıb. Yaşlı nəsil xəbər verir ki, hələ 60-70 il bundan əvvəl "Şah Soltan Hüseyn” məscidinin ətrafında qədim qəbiristanlığın əlamətləri görünürdü.

Yaşayış üçün Novxanı kəndinin yeri heç də Siyangöl kəndinin yerindən əlverişsiz deyildir. Novxanı kəndi də XVI-XVII əsrlərdə Siyanğöl kəndi kimi dərədə yerləşib (Novxanının yuxarı hissəsi XIX əsrdə tikilməyə başlanıb). Dəniz suyunun səviyyəsinin qalxması nəticəsində ev-eşikləri dağılmış siyanlılar yenidən dərədə ev tikərdilərmi?

1813-cü ildə Abşeronda aparılan əhalinin siyahıya alınması göstərmişdir ki, burada Maştağadan sonra ən böyük kənd Novxanı idi. Həm də onun ərazisi qonşu kəndlərinkindən daha çoxdur. Fikrimizcə bu hal iki kəndin birləşməsi nəticəsində baş verib. 



                                                                                                          XƏZRİ-GİLAVAR 

El-obalarda olduğu kimi Novxanıda da yay fəsli iki əsas mərhələyə bölünür: ay yarım davam edən birinci mərhələ yayın ilk günündən başlayır. Xalq içərisində bu vaxta "yayın cırcırama” dövrü deyirlər. Bu adın meydana çıxmasına səbəb göydən yerə ələnən istinin şiddətindən və quraqlıqdan Abşeronda cırcırama-ların səsinin açılması, cırıldamağa başlamasıdır.Həmin müddətdə əkinə və biçinə zərərli olan isti külək- ağ külək, gündoğuş yeli, gilavar, boğanaq, qara yel əsər. Abşeron yarımadasında yay aylarında xəzri də əsir. Yay aylarında Bakıda xəzri əsməsə, nəfəs almaq mümkün olmaz. Qədim inanca görə, ata-analar övladlarının ilkini çıxardırdılar qapıya ki, bəs mahnı oxu, qoy gilavar yatsın. Uşaqlar da çıxıb mahnı oxuyardılar:

Mən anamın ilkisiyəm,

Ağzı qara tülküsüyəm,

Gilavar yat,

Xəzri gəl.

     Payızda tez-tez Bakıya məxsus xəzri (güclü şimal küləyi xəzri öz adını əsas etibarı ilə Xəzər dənizi tərəfdən, Abşeron yarımadasının şimalından əsdiyi üçün onun adından almışdır) küləyi əsir, toz-torpağı göyə sovurur. Karvan-karvan qara bulud topaları yayılıb şəhərin üstünü alır. Belə anlarda Xəzərin mavi suları da qara rəngə çalır. Bu dəhşətli, qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar, güclü axınlar yaradır.

Xəzri küləyi havanı kəskin surətdə dəyişdirir. Payız və qış fəsillərində əsən xəzri bəzən fırtına dərəcəsinə qalxır, tayaları uçurur, evlərin damının üstünü atır, bəzən də çoxlu qar yağmasına səbəb olur. Novxanı qocaları deyirlər ki, xəzri əsdi, qış gəldi, xəzri qurtardı, qış da öz ömrünü bağışladı.

Payız fəslinin bu vədəsində bağ-bağçanın xəzan dövrü (saralıb solma vaxtı) başlayır. Xalq arasında xəzan küləyi adlanan sazaqlı külək ağaclarda qalan sarı yarpaqları qoparıb ora-bura qovur, ağacların xəzəl mövsümü başlayır.

XI yüzilliyin Azərbaycan şairi Qətran Təbrizi payızın həmin vaxtlarını belə təsvir edir:

Xəzan dövrü və mey vaxtıdır,

Mey iç, çünki bu gün xəzan bayramıdır.

Payız fəslinin bu müddətinə Novxanıda yaşlı adamlar yarpaqtökən vaxt da deyirlər.


QIŞ TƏDARÜKÜ

Xalq arasında iyul ayının ortalarınadək olan müddət "qoradöyən ay” adlanır. Bu vaxtlar güldən düşmüş üzümün qoraları yavaş-yavaş sulanır. Nənələrimiz bu qoraları yığıb yuyar, iri taxta tabaqlara tökər, yumru çay daşı-qəmbərlə döyüb suyunu çıxarar, abqora (qora suyu) düzəldərlər. Novxanı qocalarının dediyinə görə abqoranı qara şanı xal salanda tutardılar. Abqora hazırlama işi üzüm gilələri şirəyə düşənədək qurtarmalı idi. Əks təqdirdə gilələr şirələnər, necə deyərlər, qora üzüm olar, abqoranın da vaxtı ötər. Vaxtindan əvvəl tutulan abqoranın isə həm suyu az, həm də acı-təm olardı.

Beləliklə, yayın bu çağında qora döyüldüyü (əzildiyi), yəni ondan abqora tutulduğu üçün həmin vaxta qoradöyən ay deyilib.

Turşməzə dadı olan abqoranı Novxanıda adətən, xəmir xörəklərində işlədirlər. Abqoranı səbziqovurmanın, toyuq çığırtmasının, fisincanın içinə əlavə edirlər. Novxanının dünyagörmüşlərinin dediyinə görə, elə ki, yağlı xörəyin üstündən bircə qurtum abqora içirsən, olursan anadangəlmə.

Xalq təbabətində abqora şəkərli diabet xəstəliyinin yüngül formasında çox xeyirlidir. Abqoranın insan orqanizminin xəstəliyə müqavimətini artırmağa və şəkərin qarşısını almağa kömək etdiyini bilən ulularımız onun içilməsini məsləhət görmüşlər. Piylənmədə, kolit xəstəliyində abqoranı az miqdarda gündəlik qidaya daxil etmişlər. Abqora başağrısının da dərmanıdır. Nanəcövhəri abqora ilə qarışdırıb içmək öskürəyə qarşı təsirli dərman hesab edilir.

Novxanıda üzüm şirəsindən doşab (bəhməz), turşaşirin, halva bişirir, abqora, sirkə tutur, kişmiş, mövüc qurudur, riçal (heyva, qarpız, kudu, əncir riçalları) hazırlayırlar. Üzüm tənəyinin zərif, ətirli yarpağından milli xörəyimiz olan dolma bişirliməsində istifadə edilir.

Yadımdadır uşaq ikən Novxanı bağlarında doşab bişiriləndə mahnı oxuyardılar, oğlanlar  axurda üzümü əzə-əzə ətrafdakılarla səs-səsə verərdilər:

                    Səbətdə üzüm gəlir,

                    Hey düzüm-düzüm gəlir.

 Ağ şanı, qara şanı

 Tez doldurun tavanı.

 Qoyun ocağın üstə,

 Yığılaq dəstə-dəstə,

 Yeyək doşab, turşaşirin,

 Dadı özündən şirin.

Uşaqlar üst-başlarını şirə ilə tamam batırardılar ki, bu da ümumi gülüş və sevincə səbəb olardı. Gənclərin ən çox sevdikləri əyləncə bir-birinin yanaqlarını əzilmiş üzüm şirəsinə bulamaq idi.

Azərbaycanda xalq arasında üzüm doşabından baş gicəllənməsinin, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi də istifadə olunur. Orqanizmdə ürək əzələsinin fəaliyyəti üçün vacib olan E vitamininin əsas mənbələrindən biri doşabdır. Doşab ürək-damar və sinir xəstəliklərinin müalicəsində çox xeyirlidir. Müntəzəm doşab yeyən adamın bədəni gümrahlaşır, qanının tərkibi, maddələr mübadiləsi, həzm orqanlarının işi yaxşılaşır.

Doşabdan hazırlanan halva, şərbət insanın sağlamlığı üçün əhəmiyyətli olan yüksək kalorili qida məhsuludur. Riçal ümumi zəifliyin, öd kisəsi və qaraciyər xəstəliklərinin müalicəsinə yaxşı kömək edir.

Payızda novxanılılar yır-yığışını qurtarar, qışın da, yazın da qayğısına qalarlar. Əkinçilik işləri davam etdirilir. Evin böyükləri ailənin qış ehtiyatını görürlər. Uşaqların qışlığını, bayramlığını, naxoş payını, qohum-qonşu "gözlüyünü” zirzəmiyə yığırdılar.

Ağbirçək nənələr tas-tas mürəbbə bişirər, sinilərdə, məcməilərdə kişmiş, mövüc, əncir, müxtəlif növ meyvə qaxı qurudardılar. Bu meyvələr həmişə, kasıbçılıqda da, yaxşı gündə də, el bayramlarında da, əsas etibarı ilə Novruz bayramında süfrənin bəzəyidir.

Novxanı əhalisinin məişətində və iqtisadi həyatında keçmişdə və indi müxtəlif meyvə və tərəvəz məhsullarından qida məhsulu kimi istifadə etmək geniş yayılmışdır. Burada bir sıra meyvələrlə yanaşı, müxtəlif növlü göyərti və tərəvəz məhsulları da yetişir (reyhan, kəvər, nanə, vəzəri, soğan, sarımsaq, badımcan, pomidor, xiyar və s).

Məlum olduğu kimi, meyvə, göyərti və tərəvəzin özünəməxsus yeri, işlədilmə və istifadə edilmə üsulları mövcüddur. Onların bəzisindən novxanılılar (xüsusilə xiyar, qarpız, yemiş, turp və s.) yalnız təzə halda, bir çoxundan isə həm təzə, həm də qurudulmuş halda yeməklərdə (pomidor, şüyüd, keşniş, nanə və s.) istifadə edir.

Son vaxtlar Novxanı kəndinin camaatı arasında qış üçün konservləşdirilmiş tərəvəz, tumlu meyvə və giləmeyvələrin hazırlanması da geniş yayılmışdır.

Novxanıda pendiri uzun müddət saxlamaq üçün qoyun dərisinin yunlu üzünə yığır, dərinin ağzını möhkəm bağlayırlar. Səbəbi də budur ki, pendirin qalmış suyu yuna hopur, bu isə onun ləzzətini uzun müddət saxlayır. Pendiri dəriyə yığdıqca içinə kəklikotu, nanə, ətirşah, yarpız və s. qoyurlar.

Şor düzəltmək üçün ayranı iri qazanda ocağa qoyub bişirirdilər. Ayran çürüyür, onu torbaya töküb suyunu alırlar. Su süzüldükdən sonra yerdə qalan kütləni duzlayıb, qoyun dərisinə yığıb ağzını bağlayırlar. Buna da şor motalı deyilir. Ümumiyyətlə ağartı (süd məhsulları) Novxanıda kəndli süfrəsinin mötəbər bərəkəti sayılır. Pendir böyük küplərdə payıza qədər saxlanılır, yaxud motala doldurulur.

Keçmişdə qoyun ətindən qış ehtiyatı da görülərdi. Əti uzun müddət saxlamaq üçün qovurma, qiymə cızbız və qaxac edirdilər.

Qovurma hazırlamaq üçün doğranmış ətə lazımi qədər duz vuraraq qazanda pörtlədirdilər. Pörtlənmiş ətin yağı süzülüb yenidən öz yağında qovrulur. Qovrulmuş ətin saxlanmasında quyruq yağından istifadə olunur. Bu, qovurmanın uzun müddət saxlanmasına yaxşı təsir edir.

Qovrulmuş ət küplərə, bəzən də qazanlara doldurularaq üstünə quyruq yağı tökülürdü. Yağ ətin üstünə çıxmalı və onu örtməli idi. Necə deyərlər, yağ əti basmalıdır. Ondan istənilən vaxt ətli xörək bişirmək üçün istifadə olunur və ya soyuq halda çörəklə yeyilirdi. Bu hal qədim folklor nümunəsində də öz əksini tapmışdır:

  Nənəm, qoyunun qarası,

Qırxlığı polad parası,

Yaz günü dələməsi,

Yay günü kürəməsi,

Qış günü qovurması.

                                                                                             

                       

                                                                                                                                                                    Davamı (bura basın)

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться