NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 09:38

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Aqşın Əlizadə | Регистрация | Вход

Əlizadə Aqşin Əliqulu oğlu

 

     Aqşin Əlizadə Azərbaycan musiqi mədəniyyətinin fəxri olan dahi Ü.Hacıbəyov və müəllimləri Q.Qarayev və C.Hacıyev ənənələrini davam etdirən aydın zəkalı bəstəkarlardan biridir.

     1966-cı ildə Kamera simfoniyasının premyerası musiqi ictimaiyyəti arasında ilk andan müəllifinə böyük maraq oyadır. Bu gənc bəstəkarın incəsənətdə öz yerini tapması uğrunda gərgin və cəsarətli axtarışlarının nəticəsi olmaqla yanaşı müsiqimizə yeni folklor dalğasının gətirdiyi təzə nəfəs idi. 

     Yarım əsrə yaxın müddətdə incəsənətdə çox zirvə fəth olunmuş və bəstəkarın yaradıcılığı geniş təsdiqini taparaq həyatımıza birdəfəlik daxil olmuşdur. Bəstəkarın 5 simfoniyası, kamera orkestri üçün "Aşıqsayağı”, "Kənd süitası”, "Cəngi”, "Babək” baleti, "Azərilər” və "Təranə” kontatası, "Skripka və orkestr üçün konsert”, "Violonçel və orkestr üçün poema”, skripka və fortepiano üçün "Rəssamın portreti”, fortepiano üçün "Dastan”, skripka və orqan üçün "Dialoq” əsərləri Azərbaycan ifaçıları tərəfindən dünyanın ən möhtəşəm səhnələrində uğurla ifa edilir.

      Aqşin Əlizadənin musiqi mədəniyyətimizə verdiyi töhfələr öz yüksək qiymətini almışdır. Azərbaycan Dövlət Mükafatı laureatı, respublikanın xalq artisti 70 illik yubileyi ilə əlaqədar olaraq musiqi sahəsində göstərdiyi xidmətlərə görə "Şöhrət” ordeni ilə təltif edilmişdir.

     A. Əlizadə 1937-ci il may ayının 22-də Bakıda anadan olmuşdur. Anası, əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanım Azərbaycan Tibb İnstitutunun anatomiya kafedrasının dosenti olmuşdur.  Atası Əliqulu kişi paytaxtın nümunəvi ticarət mərkəzlərindən birinin rəhbəri idi. O, xalq mahnılarını gözəl ifa etməklə yanaşı klassik şərq poeziyasının  bilicilərindən sayılırdı.

    Hələ 10 illik musiqi məktəbində (indiki Bülbül adına) oxuyarkən A. Əlizadə kiçik həcmli musiqi parçaları qurmaqla məşğul olur. Məktəbi bitirdikdən sonra gələcək bəstəkar Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Onun bir bəstəkar kimi təşəkkül tapmasında milli musiqi mədəniyyətimizin iki korifeyi - Qara Qarayevin və Cövdət Hacıyevin böyük təsiri olmuşdur. Ona yol göstərən bu ulduzlar haqqında daim böyük minnətdarlıq hissi ilə söhbət açır və onların xatirəsini əziz tutur.

    1959-cu ildə Moskvada keçirilən Ümumittifaq müsabiqəsində onun Fortepiano üçün sonatası birinci mükafata layiq görülür. Diplom işi olan "Birinci simfoniya”sı da (1962) böyük uğur gətirir. "Zaqafqaziya baharı” festivalında ifa olunan bu əsər dinləyicilər tərəfindən hərarətlə qarşılanır və görkəmli musiqi incəsənəti nümayəndələrindən öz yüksək qiymətini alır.

    A.Əlizadə xalq musiqisinin və böyük muğam sənətinin bilicisi və onu dəyərləndirən sənətkarlardandır. Xalqın musiqisi onun üçün tükənməz mənbə, əvəzolunmaz ilham qaynağıdır. Muğam elə mənəvi sərvətlərimizdəndir ki, xalqımız və mədəniyyətimiz haqqinda başqa xalqlara mühakimə yürütmək imkanı verir. Öz simfoniyalarında tez-tez muğama müraciət edir. Bəstəkarın III-IV simfoniyaları dediklərimizin bariz nümunəsidir. Yaradıcılığında simfoniya və milli muğamın sintezini yaradan A.Əlizadə öz yeni, dəyərli sözünü deyə bilmişdir. Bəstəkar hər zaman xalq incəsənətinin rolu haqqında minnətdarlıq hissi ilə danışaraq: "Mənim öz musiqimdə səhv etməməyimin səbəbi xalq musiqimizin və muğamın xidmətidir” – deyir.

     A.Əlizadə Azərbaycan baletinin inkişafına da öz töhfəsini vermişdir. "Babək” baletini yazmaqla Azərbaycanda epik-qəhrəmanlıq janrının əsasını qoymuşdur. Onun "Qafqaza səyahət” və "Ümid valsı” baletləri incəsənətimizdə yeni səhifələr açmışdır.

     Bəstəkarın ictimai və pedaqoji fəaliyyətini xatırlatmadan onun yaradıcılıq portretini əks eləmək yarımçıq olardı. Aqşin müəllim uzun illərdir ki, Bakı Musiqi Akademiyasında dərs deyir. Əvvəlcə C.Hacıyevin sinfində assistent kimi işə başlayan A.Əlizadə sonradan kafedranın professoru olur, musiqi kompozisiyası, orkestrovka və alətşünaslıqdan dərs deyir.

    O, Azərbaycan Bəstəkarlar İttifaqında da fəal iş aparır. 1985-1990-cı illərdə təşkilata rəhbərlik edib. Sonuncu qurultayda növbəti dəfə İttifaqının katibi seçilib.

    Qarabağ hadisələrinin qızğın vaxtında Ali Sovetin deputatı kimi öz mübarizliyini gərgin fəaliyyəti ilə göstərə bilmişdir.

    Həyatının bir neçə ilini Türkiyə ilə bağıayan bəstəkar Van Universitetində dərs demişdir. "Universitet Marşı”, "Atatürk Marşı”, Fortepiano üçün pyeslər çoxsaylı türk tələbələr və yaradıcılığının aludələri üçün həmin illərin yadigarıdır. Əsərləri dəfələrlə Türkiyə radio və televiziyasında müxtəlif kollektivlər tərəfindən səsləndirilmişdir.

      Ü.Hacıbəyovun "Arşın mal alan”ı, "Koroğlu”su, Q.Qarayevin "Yeddi gözəl”i, F.Əmirovun "Kürdovşarı”sı, Niyazinin "Rast”ı Azərbaycan musiqisində ona istiqamət verən ən sevimli əsərlərdir.

   Doğma vətən məhəbbəti, onun təbiətinin gözəlliyinə vurğunluq, xalqına və mədəniyyətinə heyranlıq bəstəkarın yaradıcılığında öz təzahürünü tapmışdır. Bu yaradıcılığı ilə o, milli məhdudiyyətə qapılaraq özünü müasir incəsənətin problemlərindən kənarlaşdırmamış, əksinə hər zaman axtarışdadır.

    A.Əlizadə özü haqda çox da həvəslə danışmır. Deyir ki, bəstəkar musiqi bəstələməlidir, onun haqqında danışmamalıdır. Hər iki oğlu onun həmkarı, musiqiçi müəllimlər və həmfikridir.

   Bir dəfə Bülbül adına musiqi məktəbində keçirilən görüşdə şagirdlərindən birinin: "Əgər musiqiçi olmasaydınız, kim olardınız?” sualına cavabı gecikdirmədən deyir: "Bağban”. Dərin məna ifadə edən bu cavabda adamın gözləri önündə bu şəxsiyyətin həyatı boyu öz yaradıcılığı ilə məşğul olaraq insanların ruhunu oxşayan, onlara zövq, sevinc və ümid verən gözəl bir bağ canlanır.

 

Reyhan Müslümova

 

 

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться