NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 20:45

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Qoyunçuluq. Taxılçılıq. Bağçılıq. | Регистрация | Вход

Məgələnin əvvəli  (bura basın)



QOYUNÇULUQ

Maldarlıq da Novxanıda mühüm yer tuturdu. Vaxtilə bu kənd iri qoyunçuluq təsərrüfatlarına malik olmuşdur. Sürülərin otarılması üçün iri təsərrüfat sahibləri muzdla çoban tutar, beş-on qoyunu olanlar öz heyvanlarını camaat sürüsünə qoşardı. Bundan ötrü qoyuna gedən çobana hər heyvan üçün aylıq məbləğ ödənilirdi. Baş çoban sərkar adlanırdı.

Qədim zamanlarda  kənddə həftənin günlərini belə sayardılar:

1-ci gün – süd günü

2-ci gün -  süd gününün dannası

3-cü gün - süd gününün dannasının dannası

4-cü gün – qatıqlı aş bişən gün

5-ci gün – küçük südə düşən gün

6-cı gün – oba eldən köçən gün

7-ci gün – naxır sağına gələn gün

Ömrünü-gününü qoyunçuluqda keçirən, hər üzünü bilən sərkarlardan Şirinbəy kişinin, Məmmədəli kişinin, İmaməli kişinin, çobanlardan qoyunçu Əliisgəndərin, Zərbəli Gülü oğlunun, Məmməd Sərkar oğlunun, Əkbər Mehdi oğlunun, Kərbəlayi Ağabəy Xocabəy oğlunun, Kərbəlayi Mehdinin, Kərbəlayi Qulaməlinin, çoban Balaağanın, Qurban kişinin, Həsənalının, Məmmədbəyin, Məmmədsəid və Ağasəid qardaşlarının, Əbdüləli kişinin, Gülbalanın, Əhədin, Camalın və s. adları bu gün kənddə hörmətlə yad edilir.  Onlar bu var-dövləti salamat qoruyub saxlamaq üçün gecə də, gündüz də ayaq üstə, sərvaxt, qazdan ayıq olardılar. Qoyunçuluğun hər sirrinə bələd idilər, qoyunu rənginə, əlamətinə görə seçib tanıyırdılar. Yaylağın-qışlağın qayğılarını az bilməyiblər. Onlar sağlam, damazlıq heyvan yetişdirməyə səylə çalışıblar, ət, yun, bala artımına diqqətlə yanaşıblar. Bunun üçün də ürəyincə olmayan qoyunu, qoçu sürüdən ayırmazdılar. Mayasına haram qatmayıblar, təcrübəli Novxanı çobanları damazlıq xeyir verməlidir, ziyan yox - fikrinə həmişə əməl ediblər.

Onlar hər bir toğlunun, quzunun doyunca otarılması və yemləndirilməsi, gümrah bəslənməsi qayğısına qalar, ətə-cana gəlib böyüməsinə diqqət edərdilər.

 

El-oba arasında yayılan qədim bir el məsəlində usta çobanların bu sahədə əldə etdikləri çoxəsrlik təcrübə görk kimi öz xələflərinə belə ötürülür: "qoyunu yaz otar, yaz otarmadın güz (payız) otar”. Camaat da bu müdrik məsləhətə əməl edərək qoyun-quzunu qışlağa sağlam, gümrah, əti üstündə gətirməyə çalışırdılar. İnək-qoyun sağılar, sərinclər, badyalar, köpüklənən südnən dolar. Elə oradaca üzlü-gözlü pendir mayalanar, qış üçün azuqə ehtiyatı görülərdi.

Qoyunçuluq məhsullarının istehsalı həm yerli istehlak, həm də əmtəə xarakteri daşımışdır. Qoyunçuluq kustar toxuculuq sahələrinin, o cümlədən xalçaçılıq, kürkçülük, digər üst paltar növləri, corab, əlcək, kəndir, ciyə və s. sahələrin inkişafına səbəb olmuşdu. Yun əmtəə bazarına xammal şəklində çıxarılırdı. Bu xammalın satışı həm kənddə, həm ətraf məntəqələrdə,  xüsusən də Bakı şəhərində təşkil edilirdi. Məhsullun xammal şəkilində bazara çıxarılmasının əsas səbəbi kənddə manufaktura və sex tipli istehsal sahələrinin olmaması idi.

Qoyunçuluq təsərrüfatında yerli quyruqlu cinslərə daha çox üstünlük verilirdi. Keçən əsrin 60-70-ci illərinədək bu təsərrüfat sahəsi novxanılıların məşğulluğunda başlıca yer tutmuşdur.


TAXILÇILIQ

Taxılçılıqda yerli xırda, lakin şirin Bakı buğda növünə (sarı buğda) üstünlük verilirdi.

Yaz fəslinin axırında, yayın başlanğıcında tez-tez əsən gilavar küləyi (cənubdan əsən quru külək) torpağı qurudur, şehin, dumanın torpağa enməsinə mane olur, zəmiləri rütubətsiz,nəmsiz qoyurdu.

Bənd atmış buğdanı, taxıl zəmilərini gecəli-gündüzlü göz bəbəyi kimi qoruyardılar. Taleyini torpağa bağlayan Novxanı kəndlisi düşünüb ki, tər töküb əkin əkən, becərən onun qədrini də bilməlidir, öz əlinin barını, öz əməyinin məhsulunu qorumalıdır. Əkinə mal-qara ayağı dəysə, oradan məhsul gözləmək olmaz, -deyərdilər.

Zəhmətlə dolu gərgin günlərdən sonra ilin gözəl fəsli, zəhmət fəsli yaz, öz ömrünü əkinçiliyin "dostu” yaya bağışlayır.

     Keçmişdə iyun ayının ortalarından başlayaraq iyul ayının sonuna qədər Novxanı qədri, çorək qədri bilənlər əl-ələ verib taxıl biçiminə başlayırdı, necə deyərlər əkib-becərdiyini yığıb-yığışdırardılar, qış ruzusunu toplayardılar.

     Azərbaycanda buğdadan, digər taxıldan hazırlanmış ərzaq məhsulları əhalinin əsas qidasıdır. Xalqımızın mütərəqqi adət-ənənələrindən biri də taxıla və çörəyə olan böyük hörmət və ehtiram göstərməsidir. Novxanı camaatı da taxılı, çörəyi bütün nemətlərin tacı bilmiş, süfrənin bərəkəti saymışdır. And-amanlarının bir ucu çörəyə bağlı olub ulularımızın, Novxanı ağsaqqallarının həlledici anlarda səadət, etibar andı içmək istəyəndə "Çörək haqqı”, "bərəkət haqqı”, "Çörəyə and olsun”- deyiblər. Bir sözlə çörəyə olan hörmət və ehtiram nə mizana gəlib, nə ölçüyə sığıb.

Taxılçılıqın kənd iqtisadiyyatında mühüm yer tutmasına vaxtilə kənddə çoxsaylı dəyimanların olması da xəbər verir. Onlara at dəyirmanı deyilərdı, daşlarını atlar hərəkətə gətirərdi. Buğdadan savayı burda duz da narınlaşdırılardı.

 


BAĞÇILIQ

Abşeronda əsasən üzüm və əncir bağları və qismən də qarışıq bağlar salınardı. Bu ərazilər yaşayış məntəqələrindən nisbətən aralı, başlıca olaraq qumsal və də-nizsahili ərazilərdə yerləşirdi. Qarışıq bağlar istisna olmaqla (il ərzində an-caq meyvə ağ-acları bir-iki dəfə suvarılardı) üzüm və əncir bağları suvarılmazdı. Bağçılıq təcrübəsinə görə bu meyvələ üzüm suvarıldıqda şirəsi azalır, dadı şitləşir.

Bağ yerlərində meynələr talvara çıxarılmaz, yaşayış yerlərində isə kölgəlik üçün bir neçə meynə talvara çəkilərdi. Meynələrin budanmasını bu işdə təcrübəsi olan adamlar həyata keçirərdi. Bağ meyvələrindən ən müxtəlif çərəzlər hazırlanardı.

Bakı camaatının yay fəslində bağa köçmə ənənəsinin tarixi də çox qədim çağlara gedib çıxır. XIV yüzilliyin ikinci yarısı, XV yüzilliyin əvvəllərində yaşamış əslən bakılı Əbd ər-Rəşid əl-Bakuvi "Kitabi-təlxis əl-əsər və əcaib əl-Malik əl-Qəhhar” əsərində yazırdı” "Əncir, nar və üzüm burada boldur. Bağlar şəhərdən uzaqdır. Buna görə şəhər əhalisinin çoxu yay vaxtı oraya köçür, bir müddət orada yaşayır, sonra isə geri qayıdırlar. Və onlar hər il belə edirlər”.

Qədim çağlardan keçən əsrin 70-80-ci illərinədək Abşeron kəndlərində "bəhər”, "bəhər almaq” adı ilə məlum olan ənənə mövcud olmuşdur. Bu ənənəyə görə öz bağ sahəsi olmayan bir qisim şəhər sakinləri yay fəslində müəyyən haqq müqabilində bir-iki aylığa icarəyə bağ sahəsi götürər, bağın bəhərindən tam istifadə etmək hüququna malik olardı.

Abşeron kəndlərinin hər birinə məxsus bağ sahələri olmuşdur. Bunlardan, məsələn, Qalaya aid Şüvəlan bağlarını, Şağana aid dəniz sahili və çöl bağlarını, Binənin Təmənis bağlarını, Giləzi, Xızı, Altıağac, Şurabad bağlarını, Zirə bağlarını, Novxanıda Sarıqaya və Aşağı bağları və s. göstərmək olar.

Abşeron tarixən Azərbaycanda üzümçülüyün inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Verilən məlumatlara görə, bu ərazidə 50-dən çox üzüm növü yetişdirilirdi ki, bunların da əsasını ağ şanı, qara şanı, sarıgilə, xatını, pişraz, gavangir, göybəndəm, pişbaba, xalbəsər, gəlinbarmağı, keçiəmcəyi, ağadayı, qızıl üzüm, kişmişi (Təbrizi), mövüci, dərbəndi, salyani, Zabrat üzümü təşkil edirdi. Abşeronda Şüvəlan, Maştağa, Buzovna, Bilgəh, Şağan, Nardaran, Qala, Fatmayı, Novxanı, Kürdəxanı, Saray kəndləri öz dadlı üzümü ilə məşhurdur.

Ağ şanının, qara şanının sorağı Azərbaycanın hüdudlarını adlayaraq uzaqlara yayılmış, Abşerona müxtəlif yerlərdən elçilər cəlib getmişdi. Çətin ki, ağ şanının, qara şanının tayı-bərabəri olan üzüm növü tapılsın. Bal üzüm, şah üzüm, nahaq yerə onun adına "şanı”, "şahanı” – şahlara layiq deyilməyib.

Deyilənə görə şanı, ümumiyyətlə, bütün üzüm növlərindən şəkərliliyinə görə faydalıdır. Bu, hər şeydən əvvəl, Abşeronun özünəməxsus torpaq-iqlim şəraitindən, qızıl qumunun tərkibindəki mikroelementlərdən asılıdır.

Novxanının ağ şanısı, qara şanısı, ala  şanısı min bir dərdin dərmanıdır. Onun sağalmaz dərdlərə şəfa-təpər verən qüvvəsi vardır. Bu torpağın şəhdi-şəkəri adamı bir loğman kimi dünya durduqca saxlar. Alimlər ağ şanının müalicəvi əhəmiyyətinə qiymət verərək göstərirlər ki, bu üzümdə şirinlik çoxdur, onu çox yedikdə mədədə ağırlıq hiss olunmur. Qanı az olan və üzgün düşən adamlara ağ şanı şəfalıdır. O, qırmızı qan kürrəciklərinin artmasına səbəb olur, ciyərin və ürəyin fəaliyyətini yaxşılaşdırır, onun tərkibindəki müxtəlif mineral birləşmələr, vitaminlər orqanizm üçün çox faydalıdır. Novxanı torpağının xoş ətri, tamı ilə ağıza dad-ləzzət gətirən, bədənin gümrahlığını artıran şanısı dəniz, qum, günəş ilə birlikdə yüksək müalicə və şəfa keyfiyyətlərinə malikdir.Abşeron üzümünün məhsuldarlığının yüksəl-dilməsində və keyfiyyətinin yaxşılaş-dırılmasında dəniz iqliminin, bu yerlərin xəzrisinin, gilavarının da böyük təsiri vardır. Çünki uzun illərin təcrübəsindən müəyyən edilmişdir ki, belə şəraitdə xəstəlik və zərərvericilər tənəklərə bir o qədər ziyan vura bilmir.

Deyirdilər ki, Abşeronun şanısı xaricdə də böyük şöhrət qazanıb. Vaxtilə Azərbaycandan köçüb getmiş bir mühacir özü ilə apardığı Abşeron şanısının çubuğunu əkib çoxaltmış, xeyli məhsul götürmüşdür. Orada yurd-yuva tapmış bu üzümlərin nazını çəkmiş, qayğı ilə becərib artırmışdır. Sonra bazarlara yol açmış bu üzümü yerli növlərə nisbətən qat-qat baha qiymətə almışlar, hər yerdə ondan söhbət salmışlar. Onu da söyləyirlər ki, Abşeron üzümü orada sonralar əsl dadını, ətrini, keyfiyyətini itirib.

Daha çox şirəli yerli üzümlərdən şireyi, sarıgilə növlərini göstərmək olar. Giləsinin ətliliyinə görə dərbəndi növü də məşhurdur. Novxanının qoca bağbanları nəql edirlər ki, bu üzüm növünün ətliliyi elə bərk (sıx) olur ki, onu hətta bıçaqla kəsirlər. O, bütün üzüm növlərindən ən davamlısıdır və onu uzun müddət - Novruz bayramına qədər saxlamaq mümkündür. Ümumiyyətlə, Bakı üzümü az şirəli olsa da şəkərliliyi çox yüksəkdir. Abşeron üzümləri daşınmaya əsasən dözümlüdür və qışa çətin saxlanılır. Tam dəydikdən sonra dərilməlidir, yoxsa büzüşür, hətta salxımda çürüyür.

Üzümçülər hər üzüm sortunun hansı məhsul üçün xarakterik olduğunu da çox yaxşı və düzgün müəyyən edirlər. Bağ sahibi bazar üçün yetişdirmək istəyirdisə, onda bu məqsədlə ağ şanı və qara şanı becərir. Kim xalqımızın, eləcə də Novxanı əhalisinin həyat və məişətində möhkəm yer tutan doşab, sirkə, abqora, riçal və.s üzüm məhsulları hazırlamaq istəyirsə, onda şireyi, sarıgilə və s. şirəli üzüm növləri yetişdirir.

Bakı üzüm növləri o qədər də çox məhsuldar deyildi. Bu, üzümün çiçəkləndiyi dövrün güclü şimal küləklərinin əsdiyi may ayına düşməsi ilə əlaqədardır. Belə ki, həmin zaman küləyin təsiri ilə çiçəklərin xeyli hissəsi tökülür və nəticədə salxımlar o qədər də sıx olmur.

Uzun müddət bağçılıqla, eyni zamanda üzümçülüklə məşğul olan Novxanının səriştəli bağbanlarının təcrübəsi, zəngin biliyi göstərir ki, təsərrüfatın bu sahəsində onların özünəməxsus əkinçilik mədəniyyəti olmuşdur. Ağaclarda, tənəklərdə budama aparmaq, diblərini belləmək, ağac əkib-becərmə, üzüm növləri yetişdirmək, onlara qulluq etmək heç də sadə, asan bir iş olmayıb, böyük ustalıq tələb edir. Bağban tənəkləri yaxşı tanımalı, onların növlərini, hansı üzüm sörtlarının hansı şərait üçün əlverişli və üstün olmasını, budama zamanı hər sorta uyğun tənəklərdə neçə barmaq, çilik, göz saxlamasını da bilməlidir. Adətən, bağbanlar güclü, sağlam ağacları, tənəkləri payızın sonlarında, zəif ağacları, tənəkləri isə qış şaxtaları keçəndən sonra budayarlar ki, bu da yaxşı nəticə verir.

Novxanıda yaşlı adamlar iyul ayının ortalarından avqustun ortalarınadək olan müddətə qorabişirən ay deyirlər. Yayın bu dövrü onun ən isti vaxtına, yəni yayın zirvəsinə təsadüf edir. Bu vaxt hava o qədər isti, qızmar olur ki, yağan yağışın da heç bir xeyri olmur – buxara çevrilib quruyur. Yay fəslinin bu müddətində üzüm qoraları sürətlə yetişməyə başlayır. Buna görə də bu dövr qorabişirən ay adlanır. Uzun illər üzümçülüklə məşğul olmuş Novxanı bağbanlarının dediyinə görə, bu müddətdə bağa girib üzüm salxımlarına toxunsan onları kül basar (külbasma üzüm xəstəliyidir), salxımlar yetişməz, qora ikən üzüm yanıb mövüc olar.

Qorabişirən ayın sonlarında Novxanıda yemiş-qarpızın tağı saralır. Yayın bu bürkülü günlərində bostan qırağında əyləşib tağdan qopub düşmüş şirəsi axan qovun yeməyin ayrı ləzzəti var. İllah da ki, yayın qızmarında susuzluğu yatırdır, bədənin gümrahlığını artırır qarpız. İsti təndir çorəyi, yaxşı motal pendiri, dadlı-tamlı qarpız yayın ən ləzzətli yeməyi sayılır. Xəstəyə şəfa, sağa dad, ləzzətdir.     

Payız fəslinin xəzəl ayından başlayaraq təcrübəli novxanılı bağbanları əllərində qayçı, mişar bağlara çıxar, torpağın canından buğ qalxanacan bircə-bircə ağacların, meynələrin başına dolanar, azı qırx yerə şaxələnən ağacların ağzını bir yerə yığar, quru, yararsız budaqları kəsərdilər. Qocalar deyərdi ki, hər ağacın, hər meynənin başına pərvanə kimi dolanmasan, səndən üz döndərər, barını görməzsən

Bir az da əncir barədə. Novxanı əncirinin misli-bərabəri harda var?! Elimizin, obamızın çox yerində olduğu kimi Novxanıda da adət idi hansı meyvə hansı gün dişə dəysə, yəni meyvənin ilk barından (nübar) xonça tutar, təmtəraqla oğlan evindən qız evinə göndərərdilər. Nişanlı oğlanların qız evinə apardıqları səbət-səbət meyvə sovqatına xalq arasında novbarlıq, bağbaşı deyərdilər. Novbarlıqdan qohum-qonşuya da paylanılır. Belə deyirlər ki, meyvənin nübarını yeyən adamın ürəyindən keçən dilək tezliklə hasil olar. Bütün bayramlarda da oğlan evindən qız evinə hədiyyələr, xonçalar getməliydi.

Çox doğru olaraq Novxanıda yaşlılar deyirlər ki, meyvəni gərək özün ağacdan dərib doyunca yeyəsən, özün dərmədin, nə ləzzəti? Meyvə ki, tərəziyə girdi dadı-bərəkəti qaçır. El-oba arasında avqustun sonu – sentyabrın əvvəllərində olan müddət "əncir yetişən dövr” və yaxud "mövüc qurudan dövr” adlanır. Əncir bizim torpağımızın ən qədim və şanlı-şöhrətli nemətlərindən biridir. Novxanının şirəli, tamlı və çox şirin sarı əncirinin qədrini yeyənlər bilir.

Əncir çox faydalı bitkidir. Onun meyvəsinin tərkibində bir sıra bioloji fəal, müalicə əhəmiyyətli və orqanizm üçün olduqca xeyirli maddələr var. Ömür ləzzəti olan əncirdən mürəbbə hazırlanır. Əncirin həm təzəsi, həm də qurudulmuşu insan üçün faydalıdır. Müəyyən olunmuşdur ki, əncir yarpağı ürək xəstəliyi üçün müalicəvi əhəmiyyətə malikdir.

Novxanı bağbanlarının adları hörmətlə çəkilərdi. Hətta bəzi bağların yerlərini onların adları ilə adlandırardılar. Bu gün də belə bağların adları yaddaşlarda qalıb: Kərbəlayi Soltan bağı, Gülü Mirfətalı bağı, Atababa (S.Orucovun atası) bağı, Əmirhəmzə bağı, Axund (M.Rəsulzadənin atası) bağı, Qızana bağı, Vahab bağı və s.  Bağbanlardan Mehdi oğlu İsgəndərin, bağban-bostançı Mollababanın, Zairin, Balababanın, Manafın, Abuzərin, Cahanşahın, Dadaşbalanın, Kərbəlayi Soltanın, Məmmədəlinin, bostançı Baba Əhəd oğlunun, Şirməstanın, Nadir, Sabir, Zakir Səfərov qardaşlarının və bir çoxlarının adları çəkilir.

Vaxtilə Novxanı bağlarının yaraşığı olan püstə, badam, iydə, innab, tut və s. o qədər olub ki, indi onun yarıbayarısı yox, heç çərəyi də qalmayıb.

 Davamı (bura basın)

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться