NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 10:05

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Axund Molla Ruhulla | Регистрация | Вход

Axund Molla Ruhulla Məmmədzadə

 

 

  Elm və maarifin yayılmasında, cəmiyyətdə qadın rolunun təbliğində mühüm rol oynamış ruhanilərdən biri də Axund Molla Ruhulla Məmmədzadədir. O, 1850-ci ildə Novxanı kəndində anadan olmuşdur. On beş yaşında ikən Qəzvin şəhərinə gedir. Burada on dörd il təhsil aldıqdan sonra 28 yaşında Novxanıya qayıdır. Əvvəllər Novxanıda, sonralar isə 18 il Bakının Hacı İmaməli məscidində prixod mollası işləyir. Camaatın xahişi ilə eyni zamanda rus-müsəlman məktəblərində şəriət dərslərini aparırdı.                                                                                                                                   

       Axund Molla Ruhulla millətin həyat və məişətində zərərli mövqe tutan din xadimlərinin ilahiyyatla əlaqəsi olmayan möizələrinin mahiyyətini təhlil edərək, belə qərara gəlmişdi ki, millətə yalnız tərəqqi və mədəni inkişaf baxımından yanaşan, öz moizə və çıxışları ilə yalnız insan qəlbinin saflığına çalışan ruhanilər zəmanəmizdə düzgün həqiqət yolunu tuta bilərlər. Xürufata uyan mollalardan, onların düzgün insanlıq yolundan saparaq, camaata ancaq zərərli fikirlər təbliğ etməsindən  bilmərrə narazı idi. Çünki məhz belə mollalar camaatın əbədüldəhr cəhalətdə qalmasına səbəb olur. 1324 hicridə köhnə dumanın  binasında düzəldilmiş ümumi təziyə zamanı çıxış edərək demişdi: "Milləti bu hala salanlar dəxi biz olmuşuq. Bir para mollalar olubdur”.

Bu fikirlər onun fəal bir publisist kimi M.R.Məmmədzadə imzası ilə çıxış etdiyi "Həyat”, "İrşad”, "Tərəqqi”, "Dəbistan” kimi qəzet və jurnallarda, Hindistanın Kəlküttə şəhərində nəşr edilən "Hübbülvətən”, İstanbulun "Məlumat” qəzetlərində tez-tez çap olunan məqələlərində öz əksini tapırdı. Din Axund Molla Ruhulla üçün müqəddəsdi. Lakin quru dindarlığın heç bir fayda verməyəcəyini qeyd edərək, insanlara və həyata işıq gətirməyi ruhaniliyin əsas və müqəddəs vəzifələrindən hesab edirdi. O, insanları həyatda fəal mübarizəyə çağırırdı. "Günəş” qəzetində "Axundların xidməti” məqaləsində yazırdı: "Qeyrət budurmu ki, xalqlar sənin torpağını arayıb, faydalar götürsün, sənin çırağın ilə işıqlansın, amma sən zülmətdə otur, acından öl. Bunun axırı nədir? Dinə də zəəf gəlir, dünyaya da. Quru dindarlıq fayda verməz, para gətirməz. Parasız da iş aşmaz. Şəhərlərdə məscidlər dolusu fəqirlər quru dindarlıq edənlərdir. Bu gün bu fəqirliyin bəlasından bütün məmaliki islamiyyə fəlakətə düşmüşdür». 

Axund ürək ağrısı ilə məsləhət bilirdi ki, boş-boş sözlərdən bir iş aşmaz, qollarını çırmayıb həyat mübarizəsinə girişmək lazımdır. Xalqlara işıq və nur yolunu göstərmək lazımdır, elmin və maarifin ətəyindən yapışmaq gərəkdir. Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona uymayın, amanın bir günüdür- deyirdi. «İrşad» qəzetinin 1906-cı il tarixli 134-cü nömrəsində dərc etdirdiyi «Hamımıza dair» məqaləsində bu fikrini daha da genişləndirərək, yazırdı: «Hamıya məlumdur ki, nə qədər maarifin çıraqları sönübsə, cəhalət çoxalırsa, səfil millət o qədər zillət və zəlalətə səbəb olur. Bu dünyada bundan da alçaq, dəni və rəzil adam bulanarmı ki, əbnay növünü deyil, öz qardaşını, övladını bu səfalətdə, bu cəhalətdə mülahizə edib, mükatib qapıların mıxladıb, maarif məşəllərin torpaqlasın, bu fəqir, pəristar millətin   halı günbəgün pərişanlığa ya qoyduğuna bais olsun… Qeyrət, qardaşlar, qeyrət… Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi alçaq və dini qərəzlərlə məşqul edib, binəva millətin yetim balalarını cəhalət yoluna  yaxmayın».

Axund Molla Ruhulla elm və maarifə bir tərəfli yiyələnmənin əleyhinə idi. Onun fikrincə elmə yiyələnən adamlar qollarını çırmayıb, həyat mübarizəsinə girməyincə öz məqsədlərinə nail olmayacaqlar. 1906-cı il "Günəş” qəzetinin 103-cü nömrəsində "Bizlər – bizimkilər” adlı məqaləsində yazırdı: "Kamallı mühərrirlərimiz bizə "Ulum və maarif gərəkdir” - deyirlər. Mən isə bizə vücudlu kişilər, hümmətli şəxslər, qəyyur rəislər gərəkdir – deyə fəryad edirəm”.

Bəli Axund maarif və mədəniyyəti yayan belə fəal mübarizlər arzulayırdı. Elə mübarizlər ki, elmin inkişafında, yenilik yaradılmasında canlarını əsirgəmədən meydana atılsınlar. Bu işdə zülm və təzyiq olsa da dözə bilsinlər.

1904-cü ildə Bakıda "Hidayət” adlı bir cəmiyyət yaradılmışdı. Onun təşkilatçıları əsasən ruhanilər və ziyalılar idi. Bakıda qaniçən qoçular və qətllərlə mübarizə aparmağı, dini fanatizmin qarşısını almağı bu cəmiyyət öz qarşısına məqsəd qoymuşdu. Məhərrəmlikdə camaatın dəstə-dəstə şəhərin küçələrini gəzib, baş yarrmaları, zəncir vurmaları cəmiyyət tərəfindən pislənir, məsçid minbərlərində Axund Molla Abu Turab, qazı Mir Məmməd Kərim tərəfindən islam dininin əsl mahiyyəti camaata başa salınırdı. Quduzlaşmış qoçuların qabağını almaq işində də cəmiyyət  hökümətə yaxından kömək edirdi.

"Hidayət”in on nəfərdən ibarət idarə heyəti vardı. Onun üzvlərindən H.Z.Tağıyev, İsa bəy Hacınski, Bakı qazısı Mir Məmməd Kərim, Axund Molla Ruhulla, Əhməd bəy Ağayev, Mustafa bəy Əlibəyovu qeyd etmək olar. Cəmiyyətin məramnaməsi camaata müraciət şəklində elan edildikdə qaragüruh qüvvələr onun üzvlərinə qarşı təərrüzə keçdilər. Cəmiyyətin katibi Əlibəyov həftələrlə evindən bayıra çıxa bilmədi, Axund Mir Məmməd Kərimin evini yandırmaq istədilər. Axund Molla Ruhullanın isə taleyi daha faciəli oldu. 1912-ci ilin yanvarında onu namaz qılan yerdə öldürdülər. Bu, bütün Bakını sarsıtmışdı. Dəfndə 10 minədək adam iştirak etmişdi. H.Z.Tağıyev dəfn mərasimində çıxış edərək demişdi: "Həzarət, mən neçə ildir lad-fəryad eləyirəm ki, camaat, oxuyun, balalarınızı oxudun ki, belə müsibətlərə düçar olmayaq. Bu gün həmin elmsizliyin nəticəsidir ki, belə qanlı vaqiəni görürük”.

Axund Ruhullanın ölümü dövrün qabaqcıl ziyalılarını xüsusilə kədərləndirmişdi. Məşhur publisist Hüseyn Minasazov "Kaspi” qəzetinin 1912-ci il 15-ci nömrəsində yazırdı: "Molla Ruhulla xeyirxahlıq və həqiqətin dönməz və cəsur müdafiəçisi idi. Ruhani ata, publisist və müəllim - ictimai fəaliyyətin bu üç sahəsində o özünü  xalq mənafeyinin alovlu müdafiəçisi kimi göstərmişdi. Minbərlərdən onun birliyə, işə, işığa səsləyən gurultulu çağırışlarını tez-tez eşitmək olardı. Qəzet səhifələrində onun fanatizmə, qüvvələrimizin pərakəndəliyinə qarşı, bizim vaxtı keçmiş xürafat və zehniyyətimizə qarşı etirazlarına tez-tez rast gəlmək olardı. Bu, həqiqi mənada qəhrəmanlıq idi. Bu parlaq zəka bir dəqiqə də olsun unutmurdu ki, həyatımızın quruluşunda başlıca ünsür qadınlardır. Qadın təhsili ideyası, müsəlman qadınlarının taleyi onun simasında özünün parlaq müdafiəçisini tapmışdı».

M.Ə.Rəsulzadə isə onun haqqında belə yazırdı: "Zənn etmə ki, sənin maarif yolunda etdiyin fədakarlıqlar hənsi əfsanədir. Xeyr, olamaz”.

 

Qılman İlkinin «Bakı və bakılılar» kitabından

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться