Axund Molla Ruhulla Məmmədzadə
Elm
və maarifin yayılmasında, cəmiyyətdə qadın rolunun təbliğində mühüm rol oynamış
ruhanilərdən biri də Axund Molla Ruhulla Məmmədzadədir. O, 1850-ci ildə Novxanı
kəndində anadan olmuşdur. On beş yaşında ikən Qəzvin şəhərinə gedir. Burada on
dörd il təhsil aldıqdan sonra 28 yaşında Novxanıya qayıdır. Əvvəllər Novxanıda,
sonralar isə 18 il Bakının Hacı İmaməli məscidində prixod mollası işləyir.
Camaatın xahişi ilə eyni zamanda rus-müsəlman məktəblərində şəriət dərslərini
aparırdı.
Axund Molla Ruhulla millətin həyat və
məişətində zərərli mövqe tutan din xadimlərinin ilahiyyatla əlaqəsi olmayan
möizələrinin mahiyyətini təhlil edərək, belə qərara gəlmişdi ki, millətə yalnız
tərəqqi və mədəni inkişaf baxımından yanaşan, öz moizə və çıxışları ilə yalnız
insan qəlbinin saflığına çalışan ruhanilər zəmanəmizdə düzgün həqiqət yolunu
tuta bilərlər. Xürufata uyan mollalardan, onların düzgün insanlıq yolundan
saparaq, camaata ancaq zərərli fikirlər təbliğ etməsindən bilmərrə narazı idi. Çünki məhz belə mollalar
camaatın əbədüldəhr cəhalətdə qalmasına səbəb olur. 1324 hicridə köhnə dumanın binasında düzəldilmiş ümumi təziyə zamanı çıxış
edərək demişdi: "Milləti bu hala salanlar
dəxi biz olmuşuq. Bir para mollalar olubdur”.
Bu fikirlər onun fəal bir publisist kimi
M.R.Məmmədzadə imzası ilə çıxış etdiyi "Həyat”, "İrşad”, "Tərəqqi”, "Dəbistan”
kimi qəzet və jurnallarda, Hindistanın Kəlküttə şəhərində nəşr edilən
"Hübbülvətən”, İstanbulun "Məlumat” qəzetlərində tez-tez çap olunan
məqələlərində öz əksini tapırdı. Din Axund Molla Ruhulla üçün müqəddəsdi. Lakin
quru dindarlığın heç bir fayda verməyəcəyini qeyd edərək, insanlara və həyata işıq
gətirməyi ruhaniliyin əsas və müqəddəs vəzifələrindən hesab edirdi. O,
insanları həyatda fəal mübarizəyə çağırırdı. "Günəş” qəzetində "Axundların
xidməti” məqaləsində yazırdı: "Qeyrət
budurmu ki, xalqlar sənin torpağını arayıb, faydalar götürsün, sənin çırağın
ilə işıqlansın, amma sən zülmətdə otur, acından öl. Bunun axırı nədir? Dinə də
zəəf gəlir, dünyaya da. Quru dindarlıq fayda verməz, para gətirməz. Parasız da
iş aşmaz. Şəhərlərdə məscidlər dolusu fəqirlər quru dindarlıq edənlərdir. Bu
gün bu fəqirliyin bəlasından bütün məmaliki islamiyyə fəlakətə düşmüşdür».
Axund ürək ağrısı ilə məsləhət bilirdi ki, boş-boş
sözlərdən bir iş aşmaz, qollarını çırmayıb həyat mübarizəsinə girişmək
lazımdır. Xalqlara işıq və nur yolunu göstərmək lazımdır, elmin və maarifin
ətəyindən yapışmaq gərəkdir. Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona
uymayın, amanın bir günüdür- deyirdi. «İrşad» qəzetinin 1906-cı il tarixli
134-cü nömrəsində dərc etdirdiyi «Hamımıza dair» məqaləsində bu fikrini daha da
genişləndirərək, yazırdı: «Hamıya
məlumdur ki, nə qədər maarifin çıraqları sönübsə, cəhalət çoxalırsa, səfil
millət o qədər zillət və zəlalətə səbəb olur. Bu dünyada bundan da alçaq, dəni
və rəzil adam bulanarmı ki, əbnay növünü deyil, öz qardaşını, övladını bu
səfalətdə, bu cəhalətdə mülahizə edib, mükatib qapıların mıxladıb, maarif məşəllərin
torpaqlasın, bu fəqir, pəristar millətin
halı günbəgün pərişanlığa ya qoyduğuna bais olsun… Qeyrət, qardaşlar,
qeyrət… Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi
alçaq və dini qərəzlərlə məşqul edib, binəva millətin yetim balalarını cəhalət
yoluna yaxmayın».
Axund Molla Ruhulla elm və maarifə bir tərəfli
yiyələnmənin əleyhinə idi. Onun fikrincə elmə yiyələnən adamlar qollarını
çırmayıb, həyat mübarizəsinə girməyincə öz məqsədlərinə nail olmayacaqlar.
1906-cı il "Günəş” qəzetinin 103-cü nömrəsində "Bizlər – bizimkilər” adlı
məqaləsində yazırdı: "Kamallı
mühərrirlərimiz bizə "Ulum və maarif gərəkdir” - deyirlər. Mən isə bizə vücudlu
kişilər, hümmətli şəxslər, qəyyur rəislər gərəkdir – deyə fəryad edirəm”.
Bəli Axund maarif və mədəniyyəti yayan belə fəal
mübarizlər arzulayırdı. Elə mübarizlər ki, elmin inkişafında, yenilik
yaradılmasında canlarını əsirgəmədən meydana atılsınlar. Bu işdə zülm və təzyiq
olsa da dözə bilsinlər.
1904-cü ildə Bakıda "Hidayət” adlı bir cəmiyyət
yaradılmışdı. Onun təşkilatçıları əsasən ruhanilər və ziyalılar idi. Bakıda
qaniçən qoçular və qətllərlə mübarizə aparmağı, dini fanatizmin qarşısını
almağı bu cəmiyyət öz qarşısına məqsəd qoymuşdu. Məhərrəmlikdə camaatın
dəstə-dəstə şəhərin küçələrini gəzib, baş yarrmaları, zəncir vurmaları cəmiyyət
tərəfindən pislənir, məsçid minbərlərində Axund Molla Abu Turab, qazı Mir
Məmməd Kərim tərəfindən islam dininin əsl mahiyyəti camaata başa salınırdı.
Quduzlaşmış qoçuların qabağını almaq işində də cəmiyyət hökümətə yaxından kömək edirdi.
"Hidayət”in on nəfərdən ibarət idarə heyəti vardı.
Onun üzvlərindən H.Z.Tağıyev, İsa bəy Hacınski, Bakı qazısı Mir Məmməd Kərim,
Axund Molla Ruhulla, Əhməd bəy Ağayev, Mustafa bəy Əlibəyovu qeyd etmək olar.
Cəmiyyətin məramnaməsi camaata müraciət şəklində elan edildikdə qaragüruh
qüvvələr onun üzvlərinə qarşı təərrüzə keçdilər. Cəmiyyətin katibi Əlibəyov
həftələrlə evindən bayıra çıxa bilmədi, Axund Mir Məmməd Kərimin evini
yandırmaq istədilər. Axund Molla Ruhullanın isə taleyi daha faciəli oldu.
1912-ci ilin yanvarında onu namaz qılan yerdə öldürdülər. Bu, bütün Bakını
sarsıtmışdı. Dəfndə 10 minədək adam iştirak etmişdi. H.Z.Tağıyev dəfn
mərasimində çıxış edərək demişdi: "Həzarət,
mən neçə ildir lad-fəryad eləyirəm ki, camaat, oxuyun, balalarınızı oxudun ki,
belə müsibətlərə düçar olmayaq. Bu gün həmin elmsizliyin nəticəsidir ki, belə
qanlı vaqiəni görürük”.
Axund Ruhullanın ölümü dövrün qabaqcıl ziyalılarını
xüsusilə kədərləndirmişdi. Məşhur publisist Hüseyn Minasazov "Kaspi” qəzetinin
1912-ci il 15-ci nömrəsində yazırdı: "Molla Ruhulla xeyirxahlıq və həqiqətin dönməz və cəsur
müdafiəçisi idi. Ruhani ata, publisist və müəllim - ictimai fəaliyyətin bu üç
sahəsində o özünü xalq
mənafeyinin alovlu müdafiəçisi kimi göstərmişdi. Minbərlərdən onun birliyə,
işə, işığa səsləyən gurultulu çağırışlarını tez-tez eşitmək olardı. Qəzet
səhifələrində onun fanatizmə, qüvvələrimizin pərakəndəliyinə qarşı, bizim vaxtı
keçmiş xürafat və zehniyyətimizə qarşı etirazlarına tez-tez rast gəlmək olardı.
Bu, həqiqi mənada qəhrəmanlıq idi. Bu parlaq zəka bir dəqiqə də olsun unutmurdu
ki, həyatımızın quruluşunda başlıca ünsür qadınlardır. Qadın təhsili ideyası,
müsəlman qadınlarının taleyi onun simasında özünün parlaq müdafiəçisini
tapmışdı».
M.Ə.Rəsulzadə isə onun haqqında belə yazırdı: "Zənn etmə ki, sənin maarif yolunda etdiyin
fədakarlıqlar hənsi əfsanədir. Xeyr, olamaz”.
Qılman İlkinin «Bakı və bakılılar» kitabından