Hacı Səfəralı hamamı
Mədəniyyətin
inkişafında hamamların rolu böyükdür. Hamamlar təkcə gigiyenik əhəmiyyət kəsb
etmir, eyni zamanda insan həyatının bir çox məsələsinin həllində yardımçıdır.
Bu qurğular hətta islamın bəzi adət-ənənələrinin, islam əxlaqının insanların
yaddaşından pozulmamasına kömək edir. Bəzi islami qurumlar keçmişdə fikir
mübadiləsi aparmaq üçün hamamlarda yığışardılar. XIX-XX əsrlərdə Abşeronun
demək olar ki bütün kəndlərində hamam (bəzilərində hətta üç-dörd) inşa edilib.
Novxanı
kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb.
Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb.
Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları
ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik
yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq
layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına
uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə
zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat
şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə
əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi
ilə seçilir. Hamamı su ilə təchiz edən
quyu da burada yerləşdirilib.
Hacı Səfəralı hamamının inşası zamanı
cəsarətli mühəndis-konstruksiya forması tətbiq edilib və möhkəmliyi bütün şərtlərə
görə dəqiq həll olunub.
Kənd sakini Hacı Gülağa Nağıyevin
dediklərinə ğörə hamam üç nəfərin şərikli pulu ilə tikilib. Məscidi inşa
etdirən Hacı Səfəralı şəriklərilə Həzrəti Abbası özlərinə dördüncü şərik
seçiblər. Hamamdan gələn gəlirin 25% Həzrəti Abbasın payına ayırılıb, məscidin
axunduna təhvil verilib və xeyriyyə işlərinə sərf edilib. Bu ənənə hamam
kolxozun balansına veriləndən sonra pozulub.
Ötən əsrin 80-ci illərinin ortalarında
kəndə qazın verilməsinin kəskin surətdə azalması üzündən hamam bağlanıb.
Nəriman Qəhrəmanlı,
Vaqif Ağayev,
Akademik Şamil Fətullayev-Fiqarovun
"Abşeronun
memarlığı” (Bakı-2003-cü il)
kitabının materialları əsasında.