Rüstəmzadə Süleyman Əliabbas oğlu
Süleyman Rüstəm -
Azərbayca-nın xalq şairi, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı
(1976), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), SSRİ (1950) və
Azərbaycan SSR (1970) Dövlət mükafatı, Respublika Lenin komsomolu mükafatı
(1970) laureatı.
O, Azərbaycan SSR Ali
Sovetinin (1-11-ci çağırış) deputatı, 8-11-ci çağırış Ali Sovetin sədri olub. 3
dəfə Lenin ordeni, digər orden və medallarla təltif edilmişdir.
Süleyman Rüstəm 1906-cı il
martın 12-də Bakının Novxanı kəndində dəmirçi ailəsində doğulub. N. Nərimanov
adına Sənaye Texnikumunda (1922-24) oxuyub, 1925-ci ildə Azərbaycan Dövlət
Universitetinin Şərq fakultəsinə daxil olub. 1929-cu ildən təhsilini 1-ci
Moskva Dövlət Universitetinin ədəbiyyat fakultəsində davam etdirib. "Gənc
işçi”, "Komsomol”, "Gənc bolşevik”, "Maarif və mədəniyyət” və s. qəzet və
jurnallarda əməkdaşlıq edib, M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının
direktoru(1937-1938), "Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru (1955-56)
olub.
O, əsrin yeni dövr, yeni
mərhələ poeziyasını başlamış ilk şairdir. İndi bu şairin yaradıcılığına,
poeziyadakı uzunillik təcrübəsinə ən müxtəlif münasibətlər ola bilər və
olmalıdır. Çünki belə münasibət təkcə S.Rüstəmə yox, onun dövrünə, onun poetik
fəaliyyətinin başlandığı və davam etdiyi mərhələlərə müasir ədəbi-tarixi
cəhətdən zəruridir. S.Rüstəm də burada qətiyyən istisna təşkil etmir, hətta bu
mərhələnin böyük və əsas poetik simalarından biridir. O, bu mərhələnin
poeziyasını başlamışdır və ondan sonrakı şairlər də mərhələnin poetik
axtarışlarını özlərinə məxsus şəkildə və səviyyədə davam etdirmişlər. Səməd
Vurğun hələ 1954-cü ildə S.Rüstəmə Moskvadan ünvanladığı teleqramında onu
Azərbaycan sovet poeziyasının banisi adlandırır və qeyd edirdi ki, biz şairlər
sənə borcluyuq. Bu qiymətin dərin tarixi mənası vardır. O, bununla hər şeydən
əvvəl S.Rüstəmlə poeziyada başlanan mərhələnin müstəsna əhəmiyyətini qeyd edir,
ikincisi, bu poetik mərhələdə S.Rüstəmin yerini dəqiq müəyyənləşdirir.
Ədəbi fəaliyyətə hələ
texnikumda oxuduğu zaman başlamış, "Çimnaz xanım yuxudadır” (1922) adlı
birpərdəli komediya yazmışdır. "Unudulmuş gənc” adlı ilk mətbu şeri 1923-cü
ildə "Maarif və mədəniyyət” jurnalında dərc olunmuşdur. Həmin vaxtdan dövrün
mürəkkəb ədəbi-ictimai həyatında fəal iştirak etmiş, "Gənc Qızıl Qələmlər İttifaqı”nın
(1925) təşkilatçılarından olmuşdur. 1928-29-cu illərdə Azərbaycan Proletar
Yazıçıları Cəmiyyətinin məsul katibi işləmişdir. "Ələmdən nəşəyə” adlı ilk şeir
kitabı 1927-ci ildə nəşr edilmişdir. Sonrakı illərdə yaratdığı "Addımlar”
(1930), "Səs”, "Atəş”, "Yaxşı yoldaş” (1932) , "Qolsuz qəhrəman” (1928),
"Komsomol”, "Partizan Əli” (1933), "Bakı misraları”, "Gecənin romantikası”,
"Şirindil”, "Ulduzlar” (1934) kimi lirik-epik poema və şeirlərində şairin lirik
həyəcanları daha konkret və realist
mahiyyət daşıyır.
Böyük Vətən müharibəsi
illərində müasirləri olan bir çox şair kimi, S.Rüstəm də bütün yaradıcılığını
səfərbərliyə aldı, poeziyasının bütün mənəvi qüvvəsini və imkanlarını vətəni,
xalqı, ölkənin ləyaqətini qorumaq işinə sərf etdi. Şair qələbəyə, xalqın
müharibədə qalib gələcəyinə inanırdı. Həm də bu inamı insanlara aşılayırdı.
Müharibə dövrünün poeziyasında ifadə olunan hiss əsərlərində üzvü bir vəhdət
təşkil edirdi. Məhz buna görə də S.Rüstəmin müharibənin təzəcə başladığı vaxtda
yazdığı şeirlərdən biri "And” idisə, digəri "Gün o gün olsun ki” şeiri dərin
bir inam hissi idi. S.Rüstəm yazırdı:
Süleyman, şairsən, bilirsən özün,
Qılıncdan itidir, kəskindir sözün...
Əgər ağarsa da saçın qar kimi,
O gün qapıdadır ilk bahar kimi
O günü ən yaxşı bir gün eləmək
Bizdən asılıdır, şübhəsiz, gerçək.
Gün o gün olacaq, o gün gələcək,
Bəşər
dincələcək, həyat güləcək.
S.Rüstəmi bir şair kimi fərqləndirən ikinci mühüm cəhət öz yaradıcılığında Cənubi Azərbaycan mövzusuna əhəmiyyətli yer ayırmasıdır. O, həqiqətən şairin poeziyasında ən davamlı mövzu və motivlərdəndir. Şair altmış ildən çox bu mövzudan ayrılmamışdır. Və biz Cənub lirikasında onun poeziya-sının ən gözəl xüsusiyyətlərini – ideya və poetik xüsusiyyətlərini görürük. S.Rüstəm bu şeirlərində Azərbaycan vahidliyini, mənəvi bütövlüyünü təsdiqləyirdi ki, bunun yalnız tarixi bir mənası və əhəmiyyəti yox, həm də milli müstəqilliyimizin idealları baxımından da çox dərin mənası vardır.
Görün, nə qəribə bir qismətim var,
O taylı,
bu tayla Süleymanam mən.
S.Rüstəmin poeziyasında
Cənub mövzusu həm də dünyada baş verən proseslərlə səslənən mövzu idi.
Müharibədən sonra yaratdığı "İki sahil” şeirlər kitabı (1959) bunun çox əyani
bir təsdiqidir. Cənuba həsr etdiyi şeirlərdən şair "Təbrizim” adlı bir kitab
nəşr etdirmişdir (1986).
Ötən əsrin 60–80-ci illəri
Süleyman Rüstəmin yaradıcılığında yeni inkişaf mərhələsidir. Bu illərdə şair
ictimai-siyasi və məhəbbət lirikasının gözəl nümunələrini yaratmışdır: "Günəşli
sahillərdə” (1963), "Bahar düşüncələri” (1964), "Bir az da məhəbbətdən” (1965),
"Keçilməmiş yollarla” (1970), "Xəzərimin səhəri” (1976), "Ürəyimin gözüylə”
(1977), "Vətən təranələri” (1980), "Mənim günəşim” (1981) və s.kitabları.
S.Rüstəm poeziyanı,
lirikanı dövlət təfəkkürü ilə əlaqələndirirdi. Bu da onun yaradıcılığında
poeziyanın keçilməmiş yollarından biri idi. O, poeziyanı zamandan, onun siyasi
mübarizələrindən, ideoloji qənaətlərindən və hisslərindən qətiyyən ayırmırdı,
çünki onun yaradıcılıq görüşlərinə görə poeziya zamanın səsidir, mənəvi-siyasi
və fəlsəfi təfəkkürüdür. Lakin müəyyən sosial məqsəd və fikir ifadə etdikdə
belə S.Rüstəm şair olaraq qalırdı. O, müasirliyi, sosial təfəkkürü və poetik
təfəkkürü ahəngdar şəkildə birləşdirirdi.
80-ci illərin axırlarında
cərəyan edən Qarabağ hadisələri şairi sarsıtmışdı. 83 yaşlı şair ürək ağrısı
ilə bu hadisələri izləyir, qəzəblənirdi. Öz vətənpərvərliyini, vətəndaş
mövqeyini xalqına "Qarabağnamə” şeiri ilə bildirir:
... Qapına atlı gələnlər qayıdıblar atsız,
Qudurub odlu gələnlər qayıdıblar adsız,
Arxalı-adlı gələnlər qayıdıblar adsız,
Canı qurban deyərək varlığına biz, Qarabağ,
Qarşısında yağının çökməmişik diz, Qarabağ!
Gül-çiçək ətri hopub qızlarının dillərinə,
Yayılıb varlığının şöhrəti dost ellərinə,
Qoymaram qan çilənə bağlarının güllərinə!
Mən Süleyman səninəm, sən də
mənimsən,Qarabağ!
Vətənimsən, Vətənimsən, Vətənimsən, Qarabağ!
Süleyman
Rüstəm dramaturgiya sahəsində də çalışmışdır. O, «Yanğın» (H.Nəzərli ilə birgə,
1930), «Qaçaq Nəbi» (1940) pyeslərinin, «Durna» komediyasının müəllifidir.
Şair Nizaminin, Ş.Rustavelinin, A.S.Puşkinin,
A.S.Qriboyedo-vun, M.Y.Lermontovun, T.Q.Şevçenkonun, V.Mayakovskinin, Nazim
Hikmətin, U.Uitmenin və başqalarının bir sıra əsərlərini Azərbaycan dilinə çevirmişdir.
Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
S.Rüstəmin yaradıcılığı
zəngindir, çoxcəhətlidir, bu yaradı-cılıq XX əsr ədəbiyyatının aparıcı inkişaf
yolları və vəzifələri ilə dərindən, bütün mənəvi əsasları ilə bağlı olduğu kimi
həm də bu inkişafa güclü və dərindən təsir göstərmişdir. Yalnız bunu qeyd etmək
kifayətdir ki, keçən əsrin 20-ci illərindən yaradıcılıqa şeirlə başlayan
S.Rüstəm poeziyada öz məktəbini yaratmış böyük sənətkardır. Onun poeziya
məktəbi şeirimizin yeni nəsillərinin yaradıcılıq təşəkkülündə müstəsna rol
oynamış və təsdiq edə bilərik ki, bu məktəbin dəyərləri yeni əsrin poeziyası
üçün də öz önəmliyini qoruyub saxlamışdır. S.Rüstəm yara-dıcılığında hansı
fəlsəfi dünyagörüşü izlədiyini bəyan edərək «Mənim fəlsəfəm» şeirində belə
yazmışdır:
Duyumlu sözlərdən heç gəlməz xoşum,
Aydın həqiqətdir mənim fəlsəfəm
Vətənə, millətə, qardaş ellərə
Dərin məhəbbətdir mənim fəlsəfəm.
Dumanlı arzular, xam xəyal deyil,
Şan-şöhrət uğrunda qalmaqal deyil,
Fitnə-fəsad deyil, puç amal deyil,
Haqdır, ədalətdir mənim fəlsəfəm.
Mən çox bəlalara gəlmişəm sinə,
Haqqı yazmamışam heç vaxt tərsinə,
Ulu babaların yaxşı irsinə
Əbədi hörmətdir mənim fəlsəfəm.
...Gərək son verilsin hər fəlakətə,
İnsanam – düşmənəm zülmə, dəhşətə.
Azadlıq aşiqi bəşəriyyətə
Can-başla xidmətdir mənim fəlsəfəm.
Məhz bu dəyərlərinə görə
S.Rüstəm poeziyası əbədiyaşar poeziyadır.
Süleyman Rüstəm 1989-cü il iyunun 10-da dünyasını dəyişib, Fəxri xiyabanda dəfn edilib.
Yazı professor Şamil Salmanovun "Əsrin şairi” məqaləsi əsasında hazırlanıb