Balakişiyev Kamiı Əbdülsalam oğlu
Azərbaycanda elmi anatomiyanın banisi
Azərbaycan tibb elminin dayaq-larından biri sayılan
görkəmli alim, ölkəmizdə anatomiya elminin banisi, uzun illər qayğıkeş pedaqoq,
baca-rıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində
çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Kamil Balakişiyev 1906-cı il sentyabr ayının 20-də
Novxanıda anadan olmuşdur. O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında
almış, 1921-ci ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinə daxil
olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə
ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına işə qəbul
olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və
bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə
verilmişdir.
Beşinci
kurs tələbəsi olarkən K.Balakişiyev öz müəllimi A.Valenkaya ilə birlikdə rus
dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaiti
yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. Keçən əsrin 30-cu illərinin
əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və
dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır.
1930-cu
ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K.Balakişiyev
privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla
yanaşı, tələ-bələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni
üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq
elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap
etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri
namizədi elmi dərəcəsi verilmişdir. Həmin illərdə Kamil müəllim bud sinirinin
kötükdaxili quruluşunu öyrənməklə ölkəmizdə periferik sinir sisteminin
morfo-funksional xüsusiyyətlərinin öyrənilməsinin əsasını qoymuşdur.
Kamil
Balakişiyev 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi şurasının
açıq iclasında "Sidik kanalı soğanağı (Meri və Kuper) vəziləri” mövzusu üzrə
doktorluq dissertasiyası müdafiə etmiş və 30
yaşında olarkən tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Gənc alim müdafiə ərəfəsində Sankt-Peterburqda 6 ay müddətində elmi ezamiyyətdə
olmuş, onun elmi-tədqiqat işi Rusiyanın məşhur alimləri tərəfindən yüksək
qiymətləndirilmişdir.
1937-ci
ilin avqust ayında Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya
kafedrasına ilk dəfə milli kadr – professor Kamil Balakişiyev rəhbərlik etməyə
başlamışdır. O, ömrünün sonuna qədər (1973) bu məsuliyyətli və çətin vəzifəni
böyük müvəffəqiyyətlə yerinə yetirmişdir. Kamil müəllim eyni vaxtda
1937–1941-ci illərdə Bakı Dövlət Universitetinin anatomiya kafedrasına,
1938–1940-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun anatomiya və
fiziologiya kafedrasına rəhbərlik etmişdir.
1942-ci ildə Azərbaycanda səhiyyənin, tibb elmi və
təhsili sisteminin inkişafında, eləcə də yüksək ixtisaslı tibb kadrlarının
yetişdirilməsindəki xidmətlərinə görə Kamil Balakişiyev "Əməkdar elm xadimi”
fəxri adına layiq görülmüşdür.
O,
1943–1945-ci illərdə ATİ-nin müalicə-profilaktika fakül-təsinin dekanı,
1944–45-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının "Tibb”
bölməsinin baş elmi işçisi vəzifələrində çalışmışdır.
Kamil
Balakişiyevin kafedraya rəhbərlik etməyə başladığı dövr çox çətin, təzadlı olsa
da kafedraya istedadlı azərbaycanlı gənclər cəlb olunmuş və burada sanballı
milli kadr potensialı yaranmışdır. Bu dövrdə K.Balakişiyev həm də tələbəlik
illərindən təşkilində iştirak etdiyi muzeyi hərtərəfli inkişaf etdirmiş və
tezliklə onu nəinki keçmiş SSRİ-nin, həm də dünyanın ən qabaqcıl, ən zəngin
anatomiya muzeyləri sırasına çıxarmışdır. Tibb sahəsi üzrə xaricdən Azərbaycana
gələn qonaqlar K.Balakişiyevin rəhbərlik etdiyi kafedraya gətirilir və onlara
muzey, anatomiya teatrı, dərs otaqları göstərilirdi. Bu ənənə hazırda da davam etdirilir.
Əsas iş
yeri Azərbaycan Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrası olsa da,
K.Balakişiyev Bakının digər ali məktəblərində də insan anatomiyası kafedraları
təşkil etmişdir. Bununla yanaşı o, Azərbaycanda təkcə anatomiya deyil,
histologiya elminin də inkişafına güclü təkan vermişdir. Kamil müəllim
ölkəmizdə ilk dəfə olaraq ana dilində histoloji terminlərin yaradıcısı olmuş və
bu haqda dəyərli kitab çap etdirmişdir. O, həmçinin Bakının bir sıra
xəstəxanalarının cərrahiyyə şöbələrində həkim-cərrah kimi fəaliyyət
göstərmişdir.
Kamil
Balakişiyev milli elmi kadrların hazırlanmasına dərindən diqqət yetirirdi və
bilavasitə onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi
yetişdirilmişdir. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs
vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifi
olmuşdur. Alim əldə etdiyi çoxillik elmi-pedaqoji təcrübə əsasında hazırda
monumental abidə kimi dəyərləndirilən elmi məqalələr, əvəzsiz dərslik və dərs
vəsaitləri, nomenklaturalar yaratmışdır.
Professor
Kamil Balakişiyevin Azərbaycan anatomiya tarixində yerinə yetirdiyi ən mühüm
xidmətlərdən biri də onun ana dilində tibb terminlərini işləyib hazırlaması
olmuşdur ki, bunun da əsasında alimlərimiz milli dildə tibb dərslikləri və vəsaitləri
hazırlaya biliblər. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin
hazırlanması da K.Balakişiyevə aiddir.
Sonralar
Balakişiyevin monumental kitabları əlavələr, düzəlişlər edilməklə yeni
terminologiya əsasında Vaqif Şadlinskinin rəhbərliyi altında üçüncü dəfə nəşr
edildi və bununla da alimin kitablarının praktik istifadə ömrü yenidən
uzadıldı.
Kamil müəllim Azərbaycanda anatomiya elminin inkişaf
tarixinə, anatomik eksponatlardan ibarət olan tədris muzeyinə, tibb tarixi və
səhiyyənin təşkilinə, eləcə də görkəmli elm xadimlərinin yaradıcılığına bir
sıra yazılar həsr etmişdir. O, həmişə dil mədəniyyətinə xüsusi diqqət yetirər,
bütün məsələlərə obyektivlik meyarından yanaşar, fikirlərini oxuculara lakonik
və məntiqlə çatdırardı.
Kamil
Balakişiyev görkəmli alim, qayğıkeş müəllim, istedadlı pedaqoq olmaqla yanaşı,
bacarıqlı təşkilatçı, ictimai işlərin fəal iştirakçılarından idi. Onun çoxillik
elmi-tədqiqat və pedaqoji fəaliyyəti inzibati və ictimai işlərlə sıx bağlı,
əlaqəli olmuşdur. O, uzun illər səhiyyə sahəsində müxtəlif mötəbər vəzifələrdə çalışmışdır. 17 il Azərbaycan Tibb İnstitutunda tədris
işləri üzrə prorektor, Səhiyyə Nazirliyində idarə rəisi, Azərbaycan Elmlər
Akademiyasının Terminologiya Komitəsinin tibb bölməsinin sədri vəzifələrini
layiqincə yerinə yetirmişdir. İşlədiyi bütün kollektivlərdə daim öz ideal
səliqə-sahmanı, səmimiyyəti, insani keyfiyyətləri ilə dərin izlər qoymuş,
rəğbət qazanmışdır.
Kamil
müəllim keçmiş SSRİ-nin iri şəhərlərinin tibb müəssisələrində keçirilən anatom,
histoloq və embrioloqların qurultay, konqres və simpoziumlarında yaxından
iştirak etmiş, elmi məruzələr söyləmiş, Azərbaycan morfologiya elminin ən
layiqli nümayəndələrindən, təmsilçilərindən birinə çevrilmişdir. O, uzun illər
SSRİ Anatom, Histoloq və Embrioloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü
olmuş, 1953—1973-cü illərdə bu cəmiyyətin Azərbaycan şöbəsinə rəhbərlik
etmişdir.
Professor
Kamil Balakişiyev həm də gözəl natiq idi. Onun söylədiyi mühazirələr həmişə
böyük maraqla dinlənilərdi. Uzun müddət o, Tibb İnstitutunun I kurs
tələbələrinə böyük həvəslə söylədiyi ilk mühazirələrini bu ibrətamiz cümlələrlə
başlardı: "Siz həyatınızı tibbə həsr etmək qərarına gəlmisiniz. Tibb elmi onu
başqa elmlərdən fərqləndirən səciyyəvi xüsusiyyətlərə malikdir. Əgər,
ümumiyyətlə, elm həqiqətə xidmət edirsə, təbabət elmi eyni zamanda həm
həqiqətə, həm də xeyirxahlığa xidmət edir. Bu isə gərgin əmək tələb edir”.
Kamil
Balakişiyevin tibb sahəsindəki çoxillik səmərəli fəaliyyəti qədirbilən xalqımız
və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şərəf nişanı”, Qırmızı
Əmək Bayrağı (2 dəfə), Oktyabr inqilabı ordenləri, "SSRİ səhiyyə əlaçısı” döş
nişanı və bir sıra medallarla təltif edilmiş, SSRİ Səhiyyə Nazirliyinin
təşəkkürünə layiq görülmüşdür.
1973-cü il
noyabrın 22-də böyük alimin döyünən ürəyi bir daha vurmadı. Dəfn mərasimi Fəxri
Xiyabanda keçirildi. Kafedranın əməkdaşları hər il sentyabr ayının 20-də I kurs
tələbələri ilə birlikdə Azərbaycanın böyük alimi professor Kamil Balakişiyevin
doğum günündə məzarını ziyarət edir, yeni dərs ilinə onun nurlu xatirəsini
anmaqla başlayırlar.
1996-cı ildə
ATU-nun insan anatomiyası kafedrası rəhbərliyinin yüksək instansiyalara
müraciəti nəzərə alındı və K.Balakişiyevin yubileyi ilk dəfə dövlət
səviyyəsində geniş qeyd edildi. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun
adını daşıyır. Bütün bunlar Azərbaycan dövlətinin alimin əziz xatirəsinə
göstərdiyi diqqət və qayğının parlaq təzahürlərindəndir.