Böyük Vətən müharibəsi: azərbaycanlılar
müqavimət hərəkatında
Azərbaycan döyüşçülərinin Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizəsi
Sovet İttifaqının ərazisi ilə məhdudlaşmırdı.
Bu mübarizə Polşa, Almaniya və Fransadakı əsir düşərgələrində, İtaliya,
Çexoslovakiya və Yuqoslaviya torpaqlarında davam etdirilirdi. 1942-1944-cü
illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın
Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina,
Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları
yarada bilmişdilər.
Azərbaycanın qəhrəman oğullarından Ə.Əliyev, İ.Qiyasbəyov, B.Hacıyev,
H.Novruzov, H. Zeynalov və başqaları Polşada, H.Namazov, Ə.Hacıbəyov...
Çexoslovakiyada, M.Hüseynzadə, M.Seyidov, R.Orucov, Ə.Məmmədov, T.Əliyev,
M.Qulubəyov, Ə.Babayev... Yuqoslaviyada, Ə.Babayev, Ş.Məcidov, V.Hüseynov,
M.Nəcəfov, Ə.Mirzəyev... İtaliyada, Ə.Cəbrayılov, M.Məmmədov, D.Abdullayev,
X.Hacıyev... Fransada müqavimət və partizan hərəkatlarında misilsiz igidliklər
göstərmişlər. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000
nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox
azərbaycanlı vuruşmuşdu. Edlin şəhərindəki gizli təşkilat hərbi əsirlər
arasında geniş antifaşist təbliğatı aparırdı.Gizli təşkilatın izinə düşmüş
faşistlər onun bir sıra üzvlərini edam etmiş, bir hissəsi qaçaraq partizanlara
qoşulmuşdu. 1943-cü ilin ortalarında alman-faşist komandanlığı Polşadakı
azərbaycanlı əsirləri Fransanın cənubuna köçürdü. 1944-cü ildə Rodez
şəhərindəki gizli antifaşist təşkilatı Fransa Müqavimət Hərəkatının Baş
Qərargahı ilə əlaqə yaratmış, hərbi əsirlərin böyük dəstəsinin partizanlara
qoşulmasını təmin etmişdi.
Əslən Şəki rayonunun Oxut kəndindən olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov
1941-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılmışdı. 1942-ci
ilin mayında Donbas uğrundakı döyüşlərdə ağır yaralanmış və əsir alınmış, Daxau
və Elzas — Lotaringiya ölüm düşərgələrinə göndərilmişdi. 1942-ci ilin noyabrında
Fransada əsirlikdən qaçmış və partizanlara qoşulmuşdu. "Armed Mişel”, "Ryus
Armed” və başqa adlarla Fransanın azadlığı uğrunda vuruşmalarda iştirak
etmişdir. "Oktyabr inqilabı”, "Qırmızı bayraq” ordenləri və medallarla, habelə
Fransanın orden və medalları ilə o cümlədən, şəxsi igidliyə görə verilən ən
yüksək "Hərbi medal”la (bu mükafat hərbi paradda sıravi əsgərə generallardan
irəlidə addımlamaq hüququ verir) təltif edilmişdir.
1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə
və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı
var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın
rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları
daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq
partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan — yuqoslav partizan diviziyası
tərkibində əlahiddə rota təşkil etmişdilər. Mehdi Hüseynzadə Yuqoslaviya Xalq
Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi
kəşfiyyat — təxribat qrupuna rəhbərlik etmiş fövqəladə qəhrəmanlıqlar
göstərmişdir. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər
Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız daxil idi.
Alman dilini bilməsi, düşmən ordusunun qayda-qanunlarına bələd olması
faşist zabiti formasını geymiş Mehdi və qrup yoldaşlarının düşmənin ən gur
cəmləşdiyi yerlərə nüfuz etməyə və iri əməliyyatları həyata keçirməyə imkan
verirdi.
Mehdi özünün ilk əməliyyatını 1944-cü il aprelin 2-də keçirdi. Həmin günü o,
Triyest şəhərinin yaxınlığında – Opçine adlı yerdə kinoteatrı partlatdı..
Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri öldü, 110 nəfəri isə ağır
yaralandı.
Onun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triyest şəhərinin özündə —
"Via qeqa” küçəsində almanların "Soldatenhaus” (Əsgər evi) restoranının
binasının partladılması oldu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş
Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib
restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı
stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan,
sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran
yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və
yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın
bərbərxanasında sülənən bir neçə günahsız adamı həbs edib sonra da qətlə
yetirdilər.
Azərbaycan tarixi muzeyindəki eksponatların birində partlayışın ertəsi günü
çıxmış "İl Pikkolo” qəzetinin bir parçası nümayiş etdirilir. Orada oxuyuruq:
"Dünən, şənbə günü kommunist elementlər Triyest şəhərində alman əsgər evində
terror təxribatı törətmiş, nəticədə bir neçə alman əsgəri və italyan vətəndaşı
həlak olmuşdur. Terrorçulara yaxın dairələrdən xeyli adam həbs edilmişdir.
Hərbi məhkəmə onlardan 51 nəfərinə ölüm hökmü kəsmişdir. Məhkəmənin hökmü
dərhal yerinə yetirilmişdir”.
Partizan qərargahına daxil olan rəsmi məlumata görə, qəzetdə göstərilən "bir
neçə alman əsgəri” əslində 450 nəfərin ölüm və yaralanması demək idi.
Bundan sonra bütün qəzetlərdə "Mixaylo” ləqəbli partizan Mehdi Huseynzadəni
tutana və yaxud öldürənə 100000 marka həcmində mükafat veriləcəyi haqqında
məlumat dərc edildi. Sonradan bu məbləğ 400.000 markaya yüksəldi. Lakin həmin
mükafat heç kimə qismət olmadı.
Təkcə Triyestdə Mehdi "İl Pikkolo” qəzetinin redaksiyasını və mətbəəsini, Via
küçəsində hitlerçilər üçün açılmış fahişəxananı partlatmış, faşist hərbi
qarajını yandırmış, Triyest şəhərində alman əsgər və zabitləri üçün nəzərdə
tutulmuş mehmanxana və "Fartuna” küçəsindəki "kazino”nu yerlə-yeksan etmişdi.
Mehdi özünün son əməliyyatını Sezane adlı yerdə keçirdi — faşistlər filmə
tamaşa edərkən kinoteatrı partlatdı.
Korpus qərargahının məlumatına görə, 1944-cü ilin 9 ayında Mehdinin həyata
keçirdiyi əməliyyatlar nəticəsində 1000 nəfərdən çox alman əsgər və zabiti
ölmüş və ya ağır yaralanmışdı.
Şanlı partizan və onun döyüş dostlarının uğurlu əməliyyatları getdikcə artırdı.
Lakin 1944-cü il noyabrın 14-də Vitovle kəndində Mehdinin olduğu ev
hitlerçilərin böyük bir dəstəsi tərəfindən mühasirəyə alındı. Mehdi son
patronuna qədər düşmənə müqavimət göstərdi. Axırıncı patronu isə özünə
saxlamışdı. İgid qəhrəman düşmənə təslim olmayıb axırıncı güllə ilə özünü
öldürdü. Həmin gecə partizanlar faşistlərin müqavimətinə baxmayaraq Mehdinin
meyitini oradan götürüb Çepovani kəndində dəfn edə bilmişdilər. Sovet hökuməti
cəsur partizana ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verdi.
Tarix muzeyinin ekspozisiyasında və fondda Mehdi Hüseynzadənin doğmaları və
partizan yoldaşları tərəfindən verilmiş çoxlu şəxsi əşyaları saxlanılır. Burada
onun paltarı, pasportu, portsiqar və alışqan, üzük, partizan dəstəsində olduğu
dövrdə çəkilmiş şəkillərin əsli saxlanılır. Şəkillərdən birini Mehdi öz döyüş
dostları ilə birgə çəkdirmişdir. Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı
adı verilməsi haqqında sənəd də burada saxlanılır. Muzeyin fondunda Mehdinin
həyatının məktəb və tələbəlik illərinə dair çoxlu digər əşyalar və sənədlər də
vardır.
Ekspozisiyada İtaliya və Yuqoslaviyada partizan hərəkatında Mehdi ilə birgə
iştirak etmiş yoldaşlarına dair materiallar vardır. Bu sənədlər arasında gizli
antifaşist təşkilatının rəhbəri, partizan dəstəsinin batalyon həkimi M.Qulubəyova
Yuqoslaviya Ordusu Ali Baş Komandanlığı tərəfindən verilmiş "İgidliyə görə”
medalı diqqəti xüsusilə cəlb edir. Həmin orden haqqında şəhadətnamə 1945-ci il
iyunun 20-də verilmişdir.
Mehdinin partizan dostu Mirdamət Seyidov Yuqoslaviyanın "İgidliyə görə” və
"Xalq qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif olunmuşdur.
M.Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də muzeydə öz
layiqli yerini tapmışdır.
Yeri gəlmişkən qeyd edək ki, Yuqoslaviya xalq – azadlıq ordusunun tərkibinə
daxil olan Sovet partizan batalyonunda çoxlu azərbaycanlı vuruşurdu. Faşistlərə
qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden
və medalları ilə təltif olunmuşdur.
1942-ci ilin yazında Polşadakı hərbi əsir düşərgələrindən birində
azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit
H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir
qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu.
Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların
çoxu gizli antifaşist təşkilatının üzvi idi. Burada üsyan hazırlanması xəbəri
xain tərəfindən düşərgə rəhbərliyinə çatdırılmasına, onun qarşısını almaq üçün
böyük tədbir görülməsinə baxmayaraq, gizli təşkilatın üzvlərindən həkim Əmirov
son dəqiqədə fürsətdən istifadə edərək 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb
fransız partizanlarına qoşulmuşdu.
Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli
Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl
Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir
çox başqalarını həbs edib, böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum
etmişdilər. Lakin faşistlərin ölüm cəzası belə mərd mübarizlərin iradəsini qıra
bilməmişdi. Üsyanın təşkilatçılarından biri, müharibədən sonra uzun müddət
Lənkəran şəhərində həkim işləmiş F.Qurbanov öz xatirələrində yazır: "Biz, 12
nəfər ölümə məhkum edilmişlər yekdilliklə qət etdik ki, əgər bizi axşam
güllələməyib səhərə saxlasalar, nəyin bahasına olursa-olsun gecə qaçmalıyıq.
Əgər bizi axşam güllələməyə aparsalar, onda yolda əliboş da olsaq döyüşə
girməli və son fürsətdən istifadə etməliyik.
Bizi qəbiristanlığa üstübağlı yük maşınında alman əsgərlərinin müşayiəti ilə
aparırdılar. İkinci maşında 10-15 nəfər alman əsgəri bizim dalımızca gəlirdi.
Qəbiristanlığa az qalmış Mirzəxan Məmmədov faşistə müraciət edərək almanca bir
papiros istədi. Alman əsgəri əlini cibinə salarkən Mirzəxan onu güclü zərbə ilə
vurub maşından atdı. İkinci əsgəri Q.Quliyev boğazladı. Biz maşından tullanmağa
başladıq. Bu zaman ikinci maşındakı əsgərlər bizi atəşə tutdular". Bu
qeyri-bərabər döyüşdə M.Məmmədov, M.Məmmədli, H.Əliyev, Q.Məmmədov və
P.Cəfərxanlı qəhrəmancasına həlak oldular, 7 nəfər isə faşist edamından qaçıb
qurtardı.
1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar
tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli
antifaşist təşkilatın üzvü Hüseynrza Məmmədov başçılıq edirdi.
Rodez zəhmətkeşləri qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin
xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez
qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard
fransız vətənpərvərlərinin sovet xalqına qarşı məhəbbətlə dolu olan fikir və
duyğularını bu sözlərlə ifadə etmişdi: "Fransa, azərbaycanlı hərbi əsgərlərin
igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər
ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda
canlarını əsirgəməmişlər.
Azərbaycanlı döyüşçü partizanların qardaşlıq məzarı bizim üçün əziz ziyarətgah
olacaqdır. Həlak olan qəhrəmanların surəti əbədi olaraq qəlbimizdə
yaşayacaqdır’’.
Qardaşlıq məzarı üzərinə qoyulan baş daşına Azərbaycan xalqının qəhrəman
oğullarının şanlı adları həkk edildi.
Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Daxau,
Zaksenhauzen, Ravensburyuk və b. ölüm düşərgələrində Avropa ölkələrinin
antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı
adına layiq fəaliyyət göstərmişdilər.
Avropa xalqları faşizmə qarşı vuruşan vətənpərvərlərin adlarını böyük hörmət və
ehtiram hissləri ilə yad edirlər. Azərbaycandan uzaqlarda – Avropa ölkələrində
faşizmə qarşı cəsarətli mübarizə aparan soydaşlarımızın kütləvi qəhrəmanlığı
partizan hərəkatı tarixində parlaq səhifə təşkil edir.
Əkrəm ZEYNALOV,
tarix elimləri doktoru, professor